Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb. Matc.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edir.
 
Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabıyla qalib gələrək yarmfinala yüksəlib. Ziyanın yarımfinalda rəqibi bolqar İlya Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Babaşov rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Ziya martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşacaq.
 
Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovu tam üstünlüklə məğlub edib - 9:0. Həmyerlimiz 1/4 finalda macar Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabıyla xalçadan məyus yola salan Həsənli finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparacaq.
 
Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün Laçın martın 8-də təsəlliverici görüşə çıxacaq.
 
Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbəylə (13:5) yarımfinala vəsiqə əldə edib. Sərxan finala çıxmaq uğrunda türk Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub ayrılıb - 6:13. Məmmədov martın 8-də üçüncü yer üçün güləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest