Martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçirildi.

Martın 7-dən 13-dək Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçirildi. Matc.az xəbər verir ki, geridə qoyduğumuz həftə güləşçilərimiz üçün tarixi uğurla əlamətdar oldu. Hər 3 güləş növü üzrə millilərimiz ümidləri doğrultdu.
 
Məsul yarışa cəmi 6 idmançıyla qatılan yunan-Roma güləşi üzrə yığmamızın 5 üzvü fəxri kürsüyə qalxdı. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazandı. Millimiz 102 xalla komanda hesabında Avropa üçüncüsü oldu.
 
Qadınlardan ibarət komandamız da qitə birinciliyində 6 idmançıyla təmsil olundu. Onlardan 4-ü Vətənə medalla qayıtdı. Jalə Əliyeva (62 kq) Avropa çempionu oldu. Elnurə Məmmədova (55 kq) ikinci, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazandı. Yığmamız 93 xalla komanda hesabında ilk "5-liy"i qapadı.
 
Plovdivə 9 idmançıyla yollanan sərbəst güləş üzrə millimizin 7 üzvü uğurla çıxışla yadda qaldı. Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gəldisə, Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəldi. Yığmamız komanda hesabında Avropa çempionu oldu.
 
Beləliklə, güləşçilərimiz Bolqarıstanda ümumilikdə 16 (7 qızıl, 2 gümüş, 7 bürünc) medal qazandı. Bu nəticə həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir. Daha bir ilk isə ümumi nəticəylə bağlıdır. Belə ki, Plovdivdə 7 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edən Azərbaycan ölkələrin ümumi sıralamasında 1-ci yeri tutdu. Gürcüstan (6-5-4) ikinci, Türkiyə (4-4-12) isə üçüncü oldu. Sonda ölkəmizin Bolqarıstanda 30 mümkün çəki dərəcəsindən cəmi 21-də təmsil olunduğunu da qeyd etmək yerinə düşər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest