Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürüb. Matc.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş sərbəst güləşçisi  -  Əliabbas Rzazadə, Hacı Əliyev, Zirəddin Bayramov, Əşrəf Aşırov və Məhəmmədxan Məhəmmədov mübarizəyə qoşulub. Onlardan dördü yarışın finalına qədər irəliləsə də, yalnız biri isə yarımfinalda məğlub olub. 

57 kq
Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveli ilə üz-üzə gəlib. O, ilk cəhdində rəqibinə heç bir şans verməyib - 7:0. Rzazadə 1/4 finalda Naim Salimlə (Bolqarıstan) qarşılaşıb və yenə qələbə qazanıb - 9:6.  Təmsilçimiz yarımfinalda Beka Bujiaşviliyə (Gürcüstan) tam üstünlüklə qalib gələrək (10:0), finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə Makedoniya təmsilçisi Vladimir Yeqorovla üz-üzə gələcək.


65 kq
3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulub. O, bu mərhələdə Munir Aktaşdan (Türkiyə)  güclü olub - 12:6. Güləşçimiz yarımfinalda Maksim Sakultanı (Moldova) da məğlub edərək, həlledici görüşə, finala vəsiqə qazanıb. 

 

70 kq
Zirəddin Bayramov 1/8 finalda macarıstanlı Daniel Antalı 10:6 hesabı ilə məğlub edib. Yarımfinala vəsiqə uğrunda görüşdə təmsilçimiz Fati Veyselini  (Makedoniya) mübarizədən kənarlaşdırıb  - 9:4. Onun bu mərhələdə rəqibi  gürcü Zurabi İakobişvili olub. Bayramov gürcüstanlı dünya çempionu ilə görüşdə sona 7 saniyə qalmış qələbəni əldən verib - 3:4. O, sabah bürünc medal üçün mübarizə aparacaq.


79 kq
Əşrəf Aşırov 1/8 finalda bolqarıstanlı Miroslav Kirovla qarşılaşıb və bu dueldən qalib ayrılıb - 9:0. Onun növbəti mərhələdə rəqibi erməni Arman Avagyan olub. Bu dəfə də rəqibinə şans verməyən Əşrəf  (11:0) yarımfinala çıxıb. O, finala gedən yolda gürcü Vladimeri Gamkrelidze ilə qüvvəsini sınayıb. Aşırov rəqibinə 13:7 hesabıyla qalib gələrək, Avropa çempionatının finalına yüksəlib. Onun qızıl medal uğrunda görüşdə rəqibi yunanıstanlı Georgios  Kougioumtsidis olacaq.


97 kq
Məhəmmədxan Məhəmmədov təsnifat mərhələsində litvalı Lukas Krasauskasla qarşılşıb. İdmançımız 12:2 hesablı qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb. Təmsilçimiz bu mərhələdə gürcüstanlı Elizbar Odikadzeni də üstələyərək (14:7), yarımfinala yüksəlib. Burada polşalı Mateus Baranovski üzərində 6:4 hesablı qələbə qazanan Məhəmmədov adını finala yazdırıb. 

Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest