02 Aprel 2022, 15:22
DÖYÜŞ NÖVLƏRİ
Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turniri davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə qoşulub.
Kişilərin yarışında 73 kq-da çıxış edən Rüstəm Orucov 1/16 finalda Denislav İvanova (Bolqaristan) qalib gəlib. Lakin o, növbəti görüşdə İdo Levinə (İsrail) uduzub.
Bu çəki dərəcəsindəki digər cüdoçumuz Telman Vəliyev təsnifatda Coşua Qrini (İrlandiya) sınağa çəkib. O, ilk görüşündən qalib ayrılsa da, 1/16 finalda Turpal Cukayevlə (Finlandiya) bacarmayıb.
81 kq-da yarışan Elcan Hacıyev startda Jim Heyjmandan (Hollandiya) güclü olsa da, ardınca Nikolya Şilara (Fransa) məğlub olub.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz Murad Fətiyev mübarizəyə təsnifatdan başlayıb. O da ilk görüşünü qələbə ilə başa vurub. Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə dueldən qalib ayrılan cüdoçumyz 1/16 finalda Giorgi Şerazadişviliyə (Gürcüstan) uduzub.
Qadınların mübarizəsində isə 70 kq-da yer alan Günel Həsənli 1/16 finala təsadüf edən ilk qarşılaşmada Lidya Brançevaya (Bolqarıstan) məğlub olub.
Xatırladaq ki, cüdo yığmamız ilk yarış günündə də uğursuz çıxışı ilə diqqət çəkmişdi. Tatamiyə çıxmış 7 cüdoçudan heç biri medal qazana bilməmişdi.