Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. Matc.az xəbər verir ki, bu gün daha 5 cüdoçumuz qüvvəsini sınayıb.
 
Yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov 1/32 final mərhələsində Qeorqi Qramatikovla (Bolqaristan) üz-üzə gəlib. O, bu rəqibini mübarizədən kənarlaşdırsa da, Komronşox Ustopiriyonla (Tacikistan) bacarmayıb.
 
100 kq-da yarışan Elmar Qasımov 1/32 finalda Qriqori Minaskinlə (Estoniya) qarşılaşıb və qalib gəlib. O, daha sonra Marko Kumriç (Xorvatiya) və Şadi Elnahası (Kanada) məğlub edib. 1/4 finalda Nikoloz Şerazadişviliyə (İspaniya) uduzan 32 yaşlı cüdoçu təsəlliverici görüşdə Asley Qonzalesə (Rumıniya) qalib gəlib. Həlledici görüşdə kanadalı Kayl Reyeslə üz-üzə gələn idmançımız bu rəqibinə də qalib gələrək bürünc medala sahib çıxıb.
 
100-da mübarizə aparan digər təmsilçimiz - Zelim Kotsoyev 1/16 finalda Mert Şişmanlar (Türkiyə) ilə qarşılaşıb və qalib gəlib. Lakin o, növbəti görüşündə Kayl Reyeslə (Kanada) dueldən məğlub ayrılıb.
 
100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/16 finalda Lorenzo Aqro Silvayna (İtaliya), növbəti raundda Sven Heynleyə (Almaniya) qalib gəlsə də, Alişer Yusupova (özbəkistan) uduzub. Kokauri təsəlliverici görüşdə Temur Raximovu məğlub edə bilməyib. Eyni çəkidəki İmran Yusifov 1/16 finaldakı ilk qarşılaşmasında Marius Fizelə (Slovakiya) yenilib.
 
Beləcə, Azərbaycan millisi "Böyük Dəbilqə"ni cəmi 1 medalla başa vurub. Əvvəlki yarış günlərində tatamiyə çıxmış Azərbaycanın 12 cüdoçusu medal qazana bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest