Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov bu uğurla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 82 kq çəki dərəcəsində üçqat Avropa çempionu adını qazanan 34 yaşlı pəhləvan sosial şəbəkə hesabında bunları yazıb:
 
"Bütün güləş həyatım boyu sadəcə medal almaq deyil, tarixə düşməyi arzulamışam. Amma təəssüf ki, 2000-ci illərdən 2018-ci ilə qədər bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm. Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq Azərbaycan güləşçiləri sırasına düşəcək. Buna görə Allahıma şükür edib qələbəmi bu müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Hamınıza azərkeşlik etdiyiniz üçün təşəkkür edirəm".
 
Qeyd edək ki, Rafiq Hüseynov yeni rekorda da imza atıb. O, klassik güləşdə 3 qat Avropa çempionu olan ilk azərbaycanlı idmançı kimi tarixə düşüb. Rafiq Dortmund (2011), Roma (2020) və Budapeştdə (2022) qızıl medala yiyələnib. Güləşçinin hesabında qitə birinciliyinin bürünc medalı da var.
 
Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Milli komanda üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb. Bu nəticə ilə milli komanda ümumi hesabda da çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest