28 Aprel 2022, 14:08
DÖYÜŞ NÖVLƏRİ
"Yenidən Azərbaycan millisinə qayıtdığım üçün çox xoşbəxtəm. Buranı özüm üçün ikinci ev sayıram. Azərbaycanı sevirəm". Matc.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında kişi boksçulardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunan Pedro Roke deyib.
Təcrübəli mütəxəssis yığmamızın "sükanı arxası"na keçməsinə münasibət bildirib. O qeyd edib ki, qarşısına qoyulan hədəfə çatmaq üçün potensiallı boksçularımız var və Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında olduğu kimi bu dəfə Azərbaycan boks tarixinə ilklə düşəcəyinə inanır: "2024-cü il Paris Yay Olimpiya Oyunlarının sonunadək müqaviləyə imza atmışam. Bura qayıdışımın əsas səbəbi Rio-de-Janeyro-2016-dan sonra verdiyim sözü yerinə yetirməkdir. Məqsədim ölkə boksunda yeni tarix yazmaq, Paris-2024-də Azərbaycan adına ilk qızıl medalı yığmaya qazandırmaqdır".
Kubalı məşqçinin sözlərinə görə, 2016-cı ildə Azərbaycandan ayrıldıqdan sonra da boksçularımızın döyüşlərini izləyib və onlar haqda müəyyən məlumata malikdir: "ABŞ-da yaşasam belə milli üzvlərinin görüşlərini həmişə diqqətdə saxlamışam, izləmişəm. Avropa və dünya çempionatlarında, Olimpiadada da döyüşlərinə baxmışam. Yaxşı boksçular var və onları daha da inkişaf etdirmək, titul qazandırmaq üçün var gücümlə çalışacağam. İnanıram ki, iştirak edəcəyimiz turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq".
Qeyd edək ki, Roke 2014-2016-cı illərdə də yığmamızı çalışdırıb. Boksçularımız onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda tariximizin ən yaxşı nəticəsinə imza atıblar. Komandamız Oyunlarda ilk dəfə gümüş medala yiyələnib. Həmçinin 1 bürünc mükafat da qazanıb. Milli kubalı mütəxəssislə 2015-ci ildə Dohada 1 qızıl, 1 gümüş və 2 bürünc, həmin ildə Bakıda keçirilən I Avropa Oyunlarında 6 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Onlardan başqa, Rüfət Hüseynov (49 kq) 2015-ci ildə Avropa çempionatında üçüncü yeri tutub.