04 May 2022, 10:55
ÇEMPİONLAR LİQASI
"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasını UEFA çempionlar Liqasında finala çıxarmaqla həm yeni rekorda imza atıb, həm də bir rekorda şərik çıxıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis bir mövsümdə Liqa kuboku, İngiltərə kuboku və çempionlar Liqasında finala çıxan ilk məşqçi olub.
Bundan başqa, Kloppun çalışdırdığı kollektiv İngiltərə Premyer Liqasında da çempionluq mübarizəsini davam etdirir. Merssisayd klubu 1-ci yeri tutan "Mançester Siti"dən cəmi 1 xal geri qalır. Bir sözlə, "Liverpul"un bir mövsümdə 4 titul qazanmaq şansı var.
Klopp karyerası ərzində dördüncü dəfə çempionlar Liqasında final oynayacaq. Almaniyalı mütəxəssis 3 dəfə "Liverpul"la həlledici oyuna vəsiqə əldə edib – 2018, 2019, 2022-ci illər. Klopp 2013-cü ildə də Dortmund "Borussiya"sını finala çıxarmışdı. 54 yaşlı mütəxəssis bu göstəriciyə görə, Aleks Ferqyuson, Karlo Ançelotti, Migel Munoz və Marçello Lippiyə çatıb. Adı çəkilən məşqçilər də çL-də 4 dəfə final oynayıblar.
Xatırladaq ki, "Liverpul" çL-in yarımfinalında "Vilyarreal"ı səfərdə 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib. İngiltərə klubu öz meydanında baş tutan ilk oyunda da 2:0 hesabı ilə qələbə qazanmışdı.