Futbol üzrə Rusiya Premyer Liqasında pley-aut oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün cavab oyunları baş tutub.
 
Azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi "SKA-Xabarovsk" səfərdə "Ximki" ilə üz-üzə gəlib. Rusiya Milli Futbol Liqasında 4-cü yeri tutan bu komanda Premyer Liqada 13-cü olmuş "Ximki"ni evdə 1:0 hesabıyla məğlub etmişdi. Lakin səfərdə 0:3 hesabıyla uduzan "SKA-Xabarovsk" elitaya vəsiqə qazana bilməyib.
 
Xabarovsk təmsilçisinə məhz "Ximki"dən gələn Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. "SKA-Xabarovsk"da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
 
Digər pley-aut matçında Premyer Liqanı 14-cü pillədə bitirmiş "Ufa" Rusiya Milli Futbol Liqasında 3-cü olmuş "Orenburq"u qəbul edib. Bu komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməmişdi – 2:2. Cavab görüşündə isə "Orenburq" 2:1 hesablı səfər qələbəsi sayəsində Premyer Liqaya yüksəlib. "Ufa" isə aşağı liqaya düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest