03 İyun 2022, 18:31
DÖYÜŞ NÖVLƏRİ
Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib. Matc.az xəbər verir ki, ilk gündə Azərbaycan yığmasından 3 çəki dərəcəsində 6 idmançı medallar uğrunda mübarizə aparıb.
60 kq çəki dərəcəsində çıxış edən idmançılardan Rövşən Əliyev ardıcıl olaraq İrakli Kupatadze (Gürcüstan) və Aybek Omırova (Türkmənistan) qalib gəlsə də, yarımfinalda Temur Nozadzeyə (Gürcüstan) uduzub.
Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Allan Kuvabaradan (Braziliya) güclü olub. O, növbəti raundda Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olub. Təsəlliverici görüşdə Bekirbek Morqoyevi (Ukrayna) məğlub edən idmançı bürünc medal uğrunda görüşdə Rövşən Əliyevə rəqib olub. Beləliklə, Azərbaycan millisi "Böyük Dəbilqə"də ilk medalı təmin edib. İki idmançımızın medal görüşündə sevinən isə Turan Bayramov olub.
66 kq-dakı İsmayıl İbrahimov 1/16 finalda Yevgeni Qonçarkoya (Ukrayna) yenilib. Eyni çəkidəki İbrahim Əliyev Sərdar Rahimov (Türkmənistan) və Erik Takabatakenin (Braziliya) müqavimətini qırsa da, 1/4 finalda Giorgi Tutaşvili ilə bacarmayıb. O, təsəlliverici görüşdə Muxriddin Tilovovla (özbəkistan) dueldən də məğlub ayrılıb.
Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova 1/8 finalda Nataşa Ferreyraya (Braziliya), Aişə Qurbanlı isə Amber Qersjesə (Niderland) uduzub.
"Böyük Dəbilqə"yə iyunun 5-də yekun vurulacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.