Futbol üzrə Azərbaycan milli komandasının məşqçilər heyətində dəyişiklik baş verib. Matc.az xəbər veri rki, köməkçi-məşqçilərdən Klaudio Beluççinin ardından Benito Karbone də istefaya göndərilib.
 
Bununla bağlı Karbone sosial şəbəkə hesabında paylaşım edib. O, yığmada əlamətdar iki ilinin artıq başa çatdığını söyləyərək, AFFA prezidenti Rövnəq Abdullayevə, məşqçilər heyətinə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib: "Mən burada çox xoşbəxt idim. Sizin sayənizdə özümü evimdəki kimi hiss etdim, məmnuniyyət və şərəflə işimi yerinə yetirdim. Sizinlə vidalaşır və karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm".
 
Əvəzində yığmaya Fabio Qallo köməkçi-məşqçi təyin olunub. Martda Malta və Latviya ilə yoxlama görüşlərində də məşqçilər skamyasında yer almış Qallonun rəsmi debütü ötən gün Nur-Sultanda Qazaxıstan yığmasına qarşı UEFA Millətlər Liqasının ilk tur matçına təsadüf edib. "Astana Arena"da keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Onun son iş yeri 2021-ci ilin fevralından oktyabrınadək baş məşqçi kimi çalışdığı İtaliyanın "Potentsa" komandası olub.
 
Hazırda baş məşqçi Canni De Byazinin digər köməkçisi Arif Əsədovdur. Bundan əlavə, Kamran Ağayev qapıçılarla iş üzrə məşqçi, Alessandro Skaya isə fitnes məşqçisi kimi çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest