19 İyun 2022, 12:09
DÖYÜŞ NÖVLƏRİ
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında 1 dəst medal qazanan qızlardan ibarət Azərbaycan yığması vətənə qayıdıb
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında 1 dəst medal qazanan qızlardan ibarət Azərbaycan yığması vətənə qayıdıb. Matc.az xəbər verir ki, 66 xalla komanda hesabında 5-ci yeri tutan millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançılar və yığma üzvlərinin yaxınları qarşılayıb.
Böyük məşqçi Həsrət Məmmədyarov komandanın Aç-dəki uğurunu belə şərh edib:
"Federasiya rəhbərliyindən çox razıyıq. Yüksək səviyyədə təlim-məşq toplanışları keçdik. Görüşlər əla keçdi. Biz istədiyimizə nail ola bildik. Əlbəttə, daha çox medal qazana bilərdik. Qızlarımızdan birinin ilk görüşdə qolu əzildi. çalışacağıq ki, dünya çempionatında bundan da yaxşı nəticə göstərək. Bu qızların yaxşı perspektivi var. Ruzanna və Elvinanın çıxışı çox xoşuma gəldi. Bir az da yaxşı hazırlaşsaq, daha yüksək nəticələr əldə edə bilərik".
49 kq çəkidə Avropa çempionu olan Ruzanna Məmmədova isə bunları söyləyib:
"Güclü təlim-məşq toplanışları keçdik. Bunun üçün məşqçilərimizə və federasiya rəhbərliyinə təşəkkür edirəm. Dünya çempionatına az qalıb. İnşallah, həmin yarışa daha yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr əldə edərik. Son 1 ayda Mariya Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək oldu. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona minnətdarlığımı bildirirəm".
43 kq-da Avropa ikincisi olan Elvina Kərimzadə də fikirlərini bölüşüb:
"Avropa çempionatına çox ciddi hazırlaşmışdıq. İnanıram ki, dünya çempionatına bundan da yaxşı hazırlaşıb, bayramızı yüksəklərə qaldıracağıq".
46 kq-da Avropa üçüncüsü olan Aysel Məmmədzadə də jurnalistlərə açıqlama verib:
"Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Şükürlər olsun ki, vətənə əliboş qayıtmadıq. İnşallah, qarşıdan gələn dünya çempionatında daha yaxşı çıxış edəcəyik".