Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pridə gümüş medal qazanıb. Matc.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Loik Pyetriyə (Fransa), Tim Qramkova (Almaniya), Sebastian Marcinkievizə (Polşa) və Gilyerme Şmidtə (Braziliya) qalib gələrək finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi fransalı Alfa Umar Calo olub. Rəqibinə uduzan Mollayi gümüş medalla kifayətlənib.
 
Eyni çəkidəki Zelim Tçkayev Takeşi Sasaki (Yaponiya) və Frank De Viti (Niderland) mübarizədən kənarlaşdırsa da, Joau Fernandunun (Portuqaliya) müqavimətini qıra bilməyib. Tçkayev təsəlliverici görüşdə Tato Grigalaşviliyə (Gürcüstan) yenilib.
 
73 kq-dakı son Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Abdul Malik Umayevə (Belçika) uduzub. Bu çəkidəki Rüstəm Orucov Filip Yovanoviçi (Serbiya) məğlub etsə də, Martin Hojakla bacarmayıb.
 
Qadınların yarışında 63 kq-dakı Aytac Qardaşxanlı 1/8 finalda Coan Van Lesxauta (Niderland), 70 kq-dakı Südabə Ağayeva isə Miriam Butkereitə (Almaniya) uduzub.
 
Xatırladaq ki, yarışın ilk günündə 66 kq-dakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan qran-pridə 14 cüdoçu ilə təmsil olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest