25 İyul 2022, 22:50
DÖYÜŞ NÖVLƏRİ
"5-ci İslam Həmrəylik Oyunlarında Azərbaycanın kikboksinq ustaları avqustun 16-sı mübarizəyə qoşulacaqlar. Hazırda milli yığma komanda Balakən rayonunda təlim-məşq toplanışındadır. Komandamız Konyada həm "low kick", həm də "full contact" versiyalarında təmsil olunacaq. ümumilikdə orada 24 idmançı və 5 məşqçi ilə təmsil olunacağıq". Matc.az xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev mətbuat xidmətinə açıqlamasında deyib.
O, kikboksinq yarışlarının 16-18 avqust tarixlərində baş tutacağı İslamiadada Azərbaycanın əsas rəqibləri olan ölkələrin adlarını açıqlayıb:
"Əlbəttə, biz İslamiadada çıxış edən bütün idmançılarımızdan medal gözləyirik. Bildiyiniz kimi, burada çıxış edən bütün idmançılarımız sonuncu ölkə çempionlarıdır.
Bu yarışda qardaş Türkiyə idmançıları da meydan sahibi olaraq güclü heyətlə mübarizə aparacaq. Eyni zamanda özbəkistan və Qazaxıstan idmançıları da iddialı çıxışları ilə bütün kikboksinq yarışlarında yadda qalırlar. Amma buna baxmayaraq, bizim milli komandada dünyada tanınan idmançılarımız çıxış edir. Bu da bizə deməyə əsas verir ki, Azərbaycan idmançıları kikboksinq yarışlarında əsas favoritlərdəndir".
İslam Həmrəylik Oyunlarının dövlətimiz tərəfindən də xüsusi diqqətdə saxlanıldığını deyən Orxan Əliyev köməklik göstərən şəxslərə təşəkkürünü bildirib: "Milli Məclisin sədr müavini, federasiyanın fəxri prezidenti, cənab Adil Əliyevə hər zaman idmançıları xüsusi diqqətdə saxladığı, hər zaman onlara dəstək olduğu üçün "çox sağ olun" deyirəm. Həmçinin, idmançılarımızın təlim-məşq toplanışlarına cəlb olunmasında Gənclər və İdman Nazirliyi də köməklik etdiyinə görə nazir Fərid Qayıbova, onun müavini Mariana Vasilevaya təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycanın kikboksinq millisi avqustun 14-ü saat 10:30-da Konyaya yola düşəcək.