"Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsində möhtəşəm geridönüşlə avrokubok macərasını davam etdirdi. Matc.az saytı xəbər verir ki, "Aris"ə Kiprdə 0:2 hesabı ilə məğlub olan Premyer Liqanın gümüş mükafatçısı "Bakcell Arena"dakı cavab qarşılaşmasında 3 cavabsız qolla revanşı alaraq, III raunda yüksəldi. Hadisələri qabaqlayaraq demək olar ki, "ağ-qaralar" hələ tam istənilən oyunu sərgiləyə bilməsə də, qarşısına qoyduğu ilk hədəfə çatdı.

"Neftçi" (Azərbaycan) – "Aris" (Kipr) – 3:0
Bakı, "Bakcell Arena". Hakimlər: Bastian Dankert, Yan Seidel, Eduard Beitinger, Sven Yablonski (hamısı Almaniya)
Qollar: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 57, Kenni Sayef, 62
Qırmızı vərəqə: Morqan Braun, 82
İlk oyun – 0:2

"Neftçi": 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 6. Voislav Stankoviç, 19. Azər Salahlı (17. Rəhman Hacıyev, 86), 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov (27. Fərid Yusifli, 81), 23. Ataa Caber, 5. Kenni Sayef (26. ömər Buludov, 89), 24. Yusuf Laval, 11. Qodsvey Donyo
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov
Baş məşqçi: Laurentsiu Reqekampf
"Aris": 1. Vana, 8. Morqan Braun, 20. Stiv Yaqo, 31. Frants Brorsson, 13. Delmiro Evora Naşimento (k), 3. Kayu, 21. Mixlali Mayambela, 27. Martin Sloqar (80. Şavi Uorren Babiçka, 46), 7. Leo Benqtsson (58. Yevgeni Yablonski, 67), 37. Julius Szoke, 14. Artur Yannik Qomis
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Mussunda, 65. Yanis Dede Lomme, 72. Floriss Djave
Baş məşqçi: Aleksey Şpilevski

Məğlub heyət dəyişmədi
İlk oyundakı zəif çıxışdan və uğursuz nəticədən sonra "Neftçi"nin heyətində müəyyən dəyişikliklər gözlənilən idi. çünki adətən qalib heyət dəyişilmirsə, məğlub olan komanda yeni nəfəs gətirməyə çalışır. Ancaq Laurentsiu Regekampf Larnakadakı "11-liy"ə və taktiki sxemə əl dəymədi. 4-3-3 sxeminə sadiq qalan rumıniyalı mütəxəssis mərkəz müdafiəçisi olan Mamadu Mbodju bu dəfə də sağ cinahda oynatmaq qərarına gəldi.

"Aris"in Kiprdəki start heyətində isə bir dəyişiklik var idi. Aparıcı futbolçulardan Matiya Şpolyariç zədə səbəbindən Bakıya gətirilməmişdi. Onun yarımmüdafiə xəttindəki boşluğunu Leo Benqtsson doldurmalı idi. Regekampfın həmkarı Aleksey Şpilevski də taktiki düzülüşü pozmamışdı. 3-lü mərkəz müdafiəçisindən yararlanan limassollular 5-4-1-lə "Neftçi" önünə çıxmışdı.

10 dəqiqəlik təzyiq, orta sahədəki xaos
Gözlənildiyi kimi, ilk dəqiqələrdən "Neftçi" bütün komanda şəklində irəli atıldı. Azarkeşlərin də dəstəyi ilə aqressiv pressinq tətbiq edən təmsilçimiz rəqibi topla oynamağa imkan vermir, kiprliləri onların cərimə meydanında qarşılayırdı. Bu təzyiq "Aris" futbolçularını tez-tez top itkilərinə vadar edirdi. Ancaq rəqibin müdafiə xətti hücumların qarşısını daha çox kobudluqla almağı üstün tuturdu. Təsadüfi deyil ki, almaniyalı baş hakim Bastian Dankert artıq 6-cı dəqiqədə sarı vərəqəyə müraciət etməli oldu.

10 dəqiqəlik start təzyiqini "boğmağı" bacaran qonaqlar çox keçmədən oyunu bərabərləşdirdilər. "Neftçi"də xətlərarası əlaqənin olmaması komandanın düşünülmüş hücumlar qurmasına, rəqib qapısına yaxınlaşmasına mane olurdu. Tez-tez orta sahədə top itkiləri isə Limassol təmsilçisinə təhlükəli həmlələr üçün şərait yaradırdı. Yarımmüdafiə ilə hücumdakı pərakəndəlik bakılıların müdafiə xəttini daim gərginlikdə saxlayırdı. Bunun sayəsində kiprlilər komandamızın cərimə meydanına qədər rahatlıqla irəliləyə bilirdilər.

Vaxtında gələn gözlənilməz qol
Getdikcə mübarizə meydanın mərkəzində cərəyan etməyə başladı. Amma matça ümumi nəzarət qonaqların tərəfində idi. Hətta ən real qol vəziyyətini də "Aris" yaratdı. Xoşbəxtlkdən yaxın məsafədən qüvvətli zərbəyə İvan Brkiç mükəmməl reaksiya göstərdi. "Ağ-qaralar" nədənsə daha çox sağ cinahdan və orta sahədən hücumlar qurmağa çalışırdı. Ancaq, xüsusən də, sağda Mamadu Mbodjla Kenni Sayefin ağır hərəkət etməsi rəqibin hücumları asanlıqla kəsməsi ilə nəticələnirdi. Hissənin sonlarında oyun üslubunu dəyişən "flaqman" bunun bəhrəsini tezliklə gördü. Rəqibin hücuma aludə olduğu bir vaxtda ani əks-hücuma atılan paytaxt təmsilçisində müdafiədən uzun ötürmə ilə Qodsvey Donyo topla təmin edildi. önündəki müdafiəçini çaş-baş qoyan qanalı forvard sürətlə cərimə meydanına daxil olaraq, komandanı ümidləndirən qolu vurdu. Heç kimin gözləmədiyi vaxtda gələn bu qol fasiləyə daha inamlı yollanmaq baxımından hava-su kimi lazım idi.

Sayefin potensialını ortaya çıxaran yerdəyişmələr
"Neftçi" ikinci hissəyə də matçın startındakına bənzər aqressivlikdə başladı. Start heyəti olduğu kimi qalsa da, futbolçuların meydandakı düzülüşündə müəyyən dəyişikliklər var idi. Top "ağ-qaralar"da olanda cinah müdafiəçilərindən biri irəli atılır, komanda geridə 3 müdafiəçi ilə qalırdı. Emin Mahmudov isə bir növ ikinci mərkəz hücumçusu funksiyasını daşımağa başladı. Onun boşluğunu doldurmaq üçün isə Sayef ortaya çəkildi. Belədə komanda topa sahib olduğu zaman 3-3-4 sxeminə keçirdi. Hücumda çox adamla qalmaq "Aris"in müdafiədən çıxmasına və təlaş içində qalmasına gətirib çıxardı. Təmsilçimiz isə ardıcıl qollarla bu durumu lehinə çeriməyi bacardı. Əvvəlcə kornerdən ötürülən topu Eddi İsrafilov başla qapıdan keçirdi. Bir qədər sonra isə sağ cinahda oyunu alınmayan Sayef səhnəyə çıxdı. Artıq mərkəzə meyilli oynamağa başlaması israilli yarımmüdafiəçinin əsl potensialını ortaya çıxarmasına yol açdı. Məhz onun cərimə meydanı həndəvərindən sol ayaqla uzaq küncə göndərdiyi top qarşısıalınmaz oldu.

Möhtəşəm geridönüş fonunda məyusedici itki
Lazım olan nəticə əldə edildikdən sonra futbolçular hərəsi öz mövqeyinə çəkildi. Komandanın risk etməməsini təbii qarşılamaq olar. Bakılılar artıq əvvəlki kimi təzyiq də etmirdi. Əsas məqsəd tempi çox yüksəltməmək və oyunun nəzarətini əldə saxlamaq idi.

Regekampf ilk əvəzləməni 81-ci dəqiqədə etdi. Bu da Eddi yorulduğu üçün atılan məcburi addım oldu. İsrafilovun fiziki cəhətdən çatdırmadığını görən rumıniyalı Fərid Yusiflini meydana buraxdı. "Aris"in də məğlubiyyətdən qurtulmaq üçün hücuma atılmağa artıq taqəti qalmamışdı. üstəlik, Morqan Braunun sona yaxın qırmızı vərəqə alması qonaqların olan-qalan ümidinin də üstündən xətt çəkdi. Kiprlilər yalnız son saniyələrdə standart vəziyyətdən azarkeşlərə həyəcanlı anlar yaşatdı. Xoşbəxtlikdən cərimə meydanındakı qarışıqlıq "ağ-qaralar"ın istədiyi kimi yekunlaşdı. Beləliklə, "Neftçi" idealdan uzaq oyunla da olsa, möhtəşəm geridönüş sayəsində həm böyükhesablı qələbə qazandı, həm də mərhələ adladı.

İki fərqli hissənin keçdiyi və ilk qolun həlledici rol oynadığı matçda yeganə təəssüfedici məqam müdafiəçi Azər Salahlının sonlara yaxın zədələnməsi oldu. Milli komandamızın üzvü gələn həftəyə qədər hazır olmasa, onun yoxluğu növbəti mərhələdə müdafiənin sol cinahında problem yaşada bilər. Ancaq önəmli olan komandanın avrokuboklarda mübarizəni davam etdirməsi idi ki, Regekampfın yetirmələri bunu bacardı.

İndi isə "Neftçi"ni "Aris"dən daha güclü olan Vyana "Rapid"i ilə sınaq gözləyir. "Ağ-qaralar" ilk görüşünü avqustun 4-də evdə, cavab matçını isə 11-də Avstriyada keçirəcək. Güclü "Rapid" səddini keçmək üçün isə bakılılar indikindən ikiqat əzm və keyfiyyətli çıxış etməlidi.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest