"Roma" fransalı yarımmüdafiəçisi Manu Koneni satmağa hazır olduğu məbləğə kəskin şəkildə yenidən baxıb.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, paytaxt təmsilçisi artıq 25 yaşlı mərkəz oyunçusuna 100 milyon avro qiymət qoyub.

Romalıların bu transferdəki mövqeyi yaxın vaxtlara qədər daha yumşaq idi və futbolçunun dəyəri təxminən 60 milyon avro civarında qiymətləndirilirdi. Həmin dönəmdə fransalı oyunçu ilə "Çelsi", "Atletiko", "Mançester Yunayted" və "Liverpul" kimi Avropa nəhəngləri yaxından maraqlansa da, potensial alıcıların heç biri bu məbləği ödəməyə risk etməmişdi.

Hətta avqust ayının sonlarında London klubu "Roma"ya sözügedən 60 milyon avroluq təkliflə müraciət etməyə hazırlaşsa da, İtaliya təmsilçisi satışı son anda əngəlləmişdi. Çünki komandanın baş məşqçisi Can Pyero Qasperini fransalı oyunçunu heyətin əsas sütunlarından biri hesab edirdi.

Rəhbərliyin futbolçunun qiymətini birdən-birə 100 milyon avroya qaldırması onun son performansları ilə birbaşa bağlıdır. Kone sentyabrda "İnter"lə matçda dubl etdikdən sonra Zinəddin Zidanın rəhbərlik etdiyi Fransa millisində də debüt şansı qazanıb.

Qeyd edək ki, Kone cari mövsümdə İtaliya klubunun heyətində çıxdığı 6 rəsmi qarşılaşmada 2 qolla yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest