Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları sona yaxınlaşır.

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları sona yaxınlaşır. Matc.az xəbər verir ki, Konya Texniki Universitetində təşkil olunan yarışın 4-cü – sonuncu günündə yunan-Roma güləşində 60, 67, 77, 87 və 130 kq-da, qadın güləşində isə 57 kq-da ölkəmizi təmsil edən idmançılar mübarizə aparıb.
 
Yunan-Roma güləşi
 
Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidaxmetov (4:1) və türkiyəli Ayhan Karakuşa (10:7) qalib gələrək finala yüksəlib.Murad həlledici görüşdə qırğızıstanlı dünya ikincisi Jolaman Şarşenbekovla qarşılaşıb və 2:10 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.
 
Həsrət Cəfərov (67 kq) iranlı Məhəmməd Cavad Rezayi (10:3) və türkmənistanlı Beqmurat Nobatovu (9:1) üstələyərək finala adlayıb.Həsrət son görüşdə qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.
 
Sənan Süleymanov (77 kq) iranlı Amin Kaviyaninejad (4:0) və tunisli Lamjed Maafi (4:3) üzərində əldə etdiyi qələbələrlə finala vəsiqə qazanıb. Süleymanov həlledici görüşdə qırğızıstanlı Akjol Mahmudovla münasibətləri aydınlaşdırıb. Son Olimpiadanın gümüş medalçısına 2:5 hesabıyla məğlub olan Sənan ikinci yeri tutub.
 
Məhəmməd Əhmədiyev (87 kq) B qrupunda ilk görüşdə tacikistanlı Bəxtəvər Həsənovu cəmi 26 saniyəyə (8:0) tam üstünlüklə xalçadan məyus yola salsa da, ikinci qarşılaşmada qırğızıstanlı Atabek Azisbekə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Qrup ikincisi kimi yarımfinala yüksələn Əhmədiyev özbəkistanlı Jalqasbay Berdimuratovla bacarmayıb - 0:8. Məhəmməd bürünc medal uğrunda görüşdə qırğızıstanlı Atabek Azisbekova minimal fərqlə (2:3) uduzub.
 
Sabah Şəriəti (130 kq) B qrupunda özbəkistanlı Mumincan Abdullayev (4:1) və qazaxıstanlı Anton Savenkoya (5:1) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Şəriəti finalın bir addımlığında türkiyəli Osman Yıldırıma 1:3 hesabıyla uduzub. Sabah bürünc medal uğrunda yenidən Savenkoyla güləşib və 5:0 hesablı qələbəyə fəxri kürsünün 3-cü piləsinə qalxıb.
 
Qadın güləşi
 
Jalə Əliyeva A qrupunda özbəkistanlı Layloxon Sabirova (tuşe) və qazaxıstanlı Laura Almaganbetovaya (9:2) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Əliyeva yarımfinalda türkiyəli Elvira Kamaloğlu üzərində əldə etdiyi 9:6 hesablı qələbəylə adını finala yazdırıb. Jalə finalda nigeriyalı Ester Kolavoleni 14:6 hesabıyla məğlub edərək qızıl medal qazanıb.
 
Beləliklə, güləş yarışlarının sonuncu günündə təmsilçilərimiz ölkəmizin hesabına 2 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest