Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin əlcəzairli yarımmüdafiəçisi Raşid Gezzal sıradan çıxıb.
 
O, Super Liqanın 2-ci turu çərçivəsində baş tutan “Alanyaspor”la səfər oyununda (3:3) ayağından zədələnib. Komandasının ilk yarıda vurduğu 3-cü qolun müəllifi olan 30 yaşlı vinger, ikinci hissədə məcburi əvəzlənməli olmuşdu. Klubdan verilən məlumata görə, Gezzalın müalicəsi iki həftə davam edəcək.
 
Raşid Gezzal 2020-ci ilin sentyabrından “Beşiktaş”ın uğurları üçün çalışır. O, bu komandada 80 oyuna 15 qol vurub. Əlcəzair yığmasının üzvü daha öncə “Fiorentina”, “Lester Siti”, “Monako” və “Olimpik” (Lion) kimi klublarda da çıxış edib.
 
“Beşiktaş” gənc yarımmüdafiəçisi Besar Qudyufi ilə yeni müqavilə bağlanıldığını da açıqlayıb. Şimali Makedoniyadan olan 18 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilə qədər İstanbul təmsilçisində çıxış edəcək. “Vardar”ın yetirməsi olan Qudyufi “Beşiktaş”a 2021-ci ildə “Belasiça”dan gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest