ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino maliyyə qaydalarının pozulması səbəbindən "Çelsi"nin 2016/17 mövsümündəki Premyer Liqa çempionluğu titulundan məhrum edilməsini tələb edib.
Matc.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.
Argentinalı mütəxəssis London klubunun cəzalandırılması ilə bağlı bu sözləri qeyd edib:
"Bunu dediyim üçün "Çelsi" azarkeşləri mənə inciyəcəklər. Amma şikayət edən mən deyiləm. Bu, həqiqətdir. Əgər onlar qaydaları pozduqlarını etiraf ediblərsə, Premyer Liqa çempionluğu ikinci yeri tutan komandaya verilməlidir. Əks halda, bu, qayda pozuntularını təşviq etmək mənasına gəlir. Onlar günahlarını etiraf etdilər, deməli, hər şey bəllidir".
Xatırladaq ki, iyulun sonunda "Çelsi" 2009-cu ildən 2022-ci idarəolunan dövrdə maliyyə qaydalarını pozduğunu rəsmən etiraf edib. Söhbət "Çelsi"nin transferlərin rəsmiləşdirilməsi zamanı agentlərə, vasitəçilərə və oyunçuların hüquqlarına sahib olan şəxslərə etdiyi gizli ödənişlərdən gedir.
Qayda pozuntuları "Çelsi"də rəhbərlik dəyişdikdən sonra üzə çıxıb, həmçinin bu barədə İngiltərə Futbol Assosiasiyasına (FA) məhz klubun yeni rəhbərliyi məlumat verib.
Nəticədə FA "Çelsi"ni 10 milyon funt-sterlinq məbləğində cərimələyib və transfer qadağası qoyub. Sonuncu cəza təxirəsalınmış xarakter daşıyır və yalnız 30 iyun 2027-ci ilə qədər yeni qayda pozuntuları qeydə alınacağı təqdirdə qüvvəyə minəcək.
İlkin olaraq FA yeni Premyer Liqa mövsümündə klubun 6 xalını silmək istəsə də, "Çelsi" bu sanksiyaya qarşı apelyasiya şikayəti verərək qərarı ləğv etdirə bilib.
Qeyd edək ki, Poçettino 2014–2019-cu illərdə "Tottenhem"i çalışdırıb və komanda 2016/17 mövsümündə Premyer Liqada ikinci yeri tutub. Argentinalı mütəxəssis 2023–2024-cü illərdə "Çelsi"nin də baş məşqçisi olub.











_1789042859.jpg)
