14 Oktyabr 2022, 11:02
AVROPA LİQASI
Yunanıstanın "Olimpiakos" komandasının qapıçısı Aleksandros Pasxalakis Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, start heyətində meydana çıxan 33 yaşlı qolkiper qolsuz bitən matçdan sonra ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Avrokuboklardakı debütümə görə şadam. Daha çox stress gözləyirdim. Amma hər şey yaxşı keçdi. Komandama kömək etməyi bacardım. İlk gündən məni isti qəbul edən yoldaşlarıma təşəkkür edirəm. Qalib gələ bilərdik. Səfər oyunu olsa da, 3 xal qazanmağı çox istəyirdik. Alınmadı, evə 1 xalla qayıdırıq".
O, komandaya vaxt lazım olduğunu söyləyib: "Baş məşqçinin öz fəlsəfəsi, işə böyük həvəsi var. Onun dediklərini yerinə yetirməyə çalışırıq. Gəlin, səbrli olaq. Komandaya zaman vermək lazımdır".