"Kalyari"nin futbolçusu Dario Srnanın Xorvatiya yığmasına qayıtması gözlənilir. Matc.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, buna səbəb "damalılar"ın müdafiə xəttində yaranmış problemdi.

Məsələ burasındadı ki, martın 21-də AVRO-2020-nin seçmə qrup mərhələsində ilk oyununu yığmamıza qarşı keçirəcək xorvatlarda aparıcı müdafiəçilər sıradan çıxıb. Belə ki, mərkəz müdafiəçisi Deyan Lovren bir müddətdi zədədən əziyyət çəkirsə, sağ və sol cinah oyunçuları Şime Vrsalko ilə Yosip Pivariç əməliyyat olunub. Cinaha oyunçu tapa bilməyən baş məşqçi Zlatko Daliç ən azı Azərbaycan və Macarıstanla gələnaykı oyunlar üçün sabiq kapitanın qayıtmasını istəyir. 36 yaşlı futbolçunu buna razı salması üçün onun millidəki ən yaxın dostu Luka Modriç təlimatlandırılıb.

AVRO-2016-dan sonra yığma karyerasını başa vuran Srna ötən il də dəvət almışdı. Lakin həmin vaxt həm oyun praktikasının azlığından, həm də Vrsalkonun ehtiyat qüvvəsi olmamaq üçün qayıtmaqdan imtina etmişdi. İndi vəziyyət fərqlidi. Hazırda "Kalyari"də müntəzəm çıxış edən Xorvatiya millisinin rekordçusu müsbət cavab versə, Azərbaycan və Macarıstanla seçmə mərhələ oyunlarında meydana çıxacaq.

Qeyd edək ki, 2002-ci ildən 2016-cı ilə qədər Xorvatiya millisinin şərəfini qoruyan Dario Srna 134 oyunla rekordçudu. Onun aktivində 22 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest