Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələdəki ilk rəqibi Xorvatiyada Dario Srna müəmması davam edir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yığmanın yenidən 37 yaşlı müdafiəçiyə ehtiyac duyması yerli mütəxəssisləri narahat edir.

Məşqçilik karyerası ərzində Liviya yığması, Xorvatiyanın U-21 millisi və Zaqreb "Dinamo"su kimi bir çox yerdə çalışmış İliya Lonçareviç bunu futbolçu çatışmazlığı ilə əlaqələndirib. 75 yaşlı mütəxəssis Srnanın dönməsinin tərəfdarı deyil: "Dario uzun müddət əvvəl bir qərar verib və qayıtmaq üçün məqsədi yoxdu. Şəxsən mən məşqçilər korpusunu buna məcbur edən bir səbəb də görmürəm. çünki Azərbaycan və Macarıstanla oyun yığmamız üçün həlledici deyil. Yarış hələ yeni başlayır və rəqiblər də Srnanın dönüşünü şərtləndirəcək səviyyədə deyil. Yalnız mərhələnin sonlarında ehtiyac yaranarsa, bu məsələyə qayıtmaq olar".

Həmçinin digər yerli məşqçilər Miroslav Blajeviç və Zoran Viliç də buna bənzər fikirlər səsləndirib, yığmanın Srnaya ehtiyac duymadığını açıqlayıblar.

Qeyd edək ki martın 21-də millimizi qəbul edəcək Xorvatiya bundan 3 gün sonra Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest