"Messini dayandırmalıyıq. çalışacağıq ki, top ona çatmasın, ötürmələri daha uzun olsun, qapımıza yaxınlaşmasın. çətin olacaq". Matc.az xəbər verir ki, bu sözlər Meksika millisinin baş məşqçisi Xerardo "Tata" Martinoya aiddir.
O, Dç-2022-nin qrup mərhələsinin ikinci turu çərçivəsində Argentina yığmasına qarşı keçirəcəkləri oyundan öncə rəqib komandanın əsas silahlarından hesab olunan Lionel Messini necə zərərsizləşdirəcəklərinə dair planlarından danışıb. İlk baxışdan bayağı və sıradan dilə gətirilən sözlər hesab oluna bilər, amma əslində, Martino Messini hamıdan yaxşı tanıyır. çünki onlar Rosarioda anadan olublar. "Tata" həm "Barselona", həm də Argentina millisində Lionelin baş məşqçisi olub. Hansı ki, bu, ondan başqa heç bir mütəxəssisə nəsib olmayıb.
Martino da, Messi də Rosarioda anadan olublar, futbola məhz "Nyuels Old Boyz" klubunda başlayıblar. Xerardo bu klubun əfsanələrindən birinə çevrilsə də, Leo İspaniyaya üz tutub və "Barselona"nın tarixinə düşüb. 34 yaşında futbolçu karyerasını bitirən "Tata" məşqçiliyə başlayıb. Bir neçə il öz ölkəsində çalışdıqdan sonra 2003-cü ildə Paraqvaya üz tutan "Tata", burada dörd dəfə ölkə çempionu olub – bir dəfə "Serro Porteno", üç dəfə "Libertad"la.
Paraqvaydakı uğurları onun 2007-ci ildə bu ölkənin milli komandasının baş məşqçi postuna dəvət almasına səbəb olub. 2011-ci ilə qədər bu komandaya rəhbərlik edən argentinalı, 2012-ci ildə ölkəsinə qayıdıb və doğma klubu "Nyuels Old Boyz"a "sükanı arxasına" keçib. 2013-cü ildə isə onu "Barselona" baş məşqçi postuna dəvət edib. Hansı ki, bu təyinatda onun həmyerlisi, komandanın lideri olan Lionel Messinin də xüsusi rolu olduğu bildirilir. Baxmayaraq ki, həmin dövrdə klub rəsmiləri israrla Messinin "Tata"nın təyinatında heç bir təsiri olmadığını açıqlayırdılar.
Martinonun "Barsa" karyerası yaxşı başlamışdı. Onun debüt matçında "Levante"ni 7:0 məğlub etmişdilər, Messi isə dubl etmişdi. Ardından Super Kuboku qazandılar. Oktyabrda kataloniyalılar "Kamp Nou"da "Real"ı 2:1 hesabı ilə məğlub etdilər. üç gün sonra isə "Selta" üzərində qələbə oldu. Hətta "Tata" bu komandada yeni rekorda da imza atdı - "Barselona" tarixində ilk 16 matçda bir dəfə belə məğlub olmayan ilk məşqçi!
Amma o, bu uğurun davamını gətirə bilmədi və Super Kubok yeganə titulu oldu. Yayda isə postundan ayrılmaq məcburiyyətində qaldı və avqustda artıq Argentina millisinə baş məşqçi təyin olundu.
Həm "Barselona"da, həm də Argentina yığmasında Messinin heyətlə bağlı baş məşqçinin işinə müdaxilə etdiyinə dair şayiələr yayılıb. Lakin "Tata" buna həmişə sərt reaksiya verib və təkzib edib: "Mən heç vaxt Messinin dediklərini etməmişəm. Kimsə belə bir mif yaradıb və hamı bundan danışır. Amma faktlar bunu təkzib edir".
Messinin 2016-cı ildə Argentina yığmasından səs-küylü gedişi zamanı da milliyə məhz Martino rəhbərlik edirdi. Həmin il keçirilən Amerika Kubokunun finalında çili ilə qarşılaşan argentinalılar məğlub oldular, Messi isə həmin matçda penaltini dəyərləndirə bilmədi. Leo federasiya rəhbərliyini onlara yaxşı şərait yaratmamaqda ittiham edərək millidən getdiyini açıqladı. Bundan az sonra "Tata" da yığmadan ayrıldı. Hansı ki, o da həmin addımına görə Messiyə haqq qazandırmışdı: "Mən də Messinin yerinə olsaydım, yığmadan gedərdim və "Barselona"da oynamağı üstün tutardım".
2016-2018-ci illər aralığında "Atlanta Yunayted"i çalışdıran, hətta bu komandaya MLS-də ilk çempionluq sevinci yaşadan Martino, 2019-cu ildən Meksika yığmasına rəhbərlik edir. Hansı ki, bu komandanı da Dç-yə çıxarmaqla özündən söz etdirməyi bacardı. Messi isə indi "Barselona"da yox, PSJ-də forma geyinməsinə rəğmən, yenidən Argentina yığmasının uğurları üçün çalışır və bu gün onlar bir-birinə rəqib olacaqlar.
Argentina – Meksika matçına saat 23:00-da start veriləcək.