Qətərdəki dünya çempionatında qrup mərhələsinin ikinci turunun Meksika ilə oyunundan sonra Argentina millisinin kapitanı Lionel Messinin rəqib komandanın formasına qarşı hərəkəti gündəm olub. Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçın ardından paltardəyişmə otağında yerdə olan Meksika yığmasının formasını ayağı ilə kənara itələyib.
Həmin görüntülər meksikalılar tərəfindən xoş qarşılanmayıb. Buna görə Messini kəskin tənqid edənlər var. Onlardan biri də super orta çəkidə boks üzrə mütləq çempion Saul Alvaresdir. O, "Twitter" hesabında ulduz futbolçunun davranışına belə münasibət bildirib: "Messinin bayrağımızın olduğu köynəklə döşəməni sildiyini gördünüzmü? Messi Allaha dua etsin ki, onunla qarşılaşmayım! Argentina Meksikaya hörmət etdiyi kimi, biz də Argentinaya hörmət etməliyik! Mən ölkədən danışmıram, Messi və onun iyrənc hərəkətindən danışıram".