AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Xorvatiya yığmasında problemlər bitmək bilmir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "damalılar"ın heyətində növbəti itki baş verib.

Mario Mandzukiç milli karyerasını bitirdikdən sonra əsas hücumçuya çevrilən Ante Rebiç sıradan çıxıb. "Ayntraxt"ın forvardı Bundesliqanın XXIV turunda "Hoffenhaym"la qarşılaşmada zədələnib. 20-ci dəqiqədə hesabı açan 26 yaşlı oyunçu zədə ucbatından fasilədən sonra meydana çıxmayıb. Baş məşqçi Adi Hütter onu Avropa Liqasının 1/8 final mərhələsində "Milan"la ilk oyunun heyətinə salmayıb və müayinə olunması üçün Belqrada göndərib.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç də artıq bu barədə fikirlərini bildirib. O, forvard barədə yekun qərarı gələn həftə verəcəyini söyləyib: "Rebiç "Hoffenhaym"la görüşdə dizindən zədələnib. O, həm Avropa Liqasındakı, həm də həftəsonu Almaniya Bundesliqasındakı oyunu buraxacaq. Durumu ilə bağlı gələn həftə qərar verəcəyik. Hamin vaxt oynamağa hazır olub-olmadığına nəzər yetirəcəyik. İndi bu barədə danışmaq tezdi".

Xorvatiya mətbuatı Daliçin adını ehtiyat qüvvəyə yazdığı Zaqreb "Dinamo"sunun hücumçusu Bruno Petkoviçlə görüşdüyünü və əsas heyətə hazır olmasını tapşırdığını vurğulayıb.

Qeyd edək ki, martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək xorvatlar bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest