AVRO-2020-nin seçmə mərhələsində bu ay Azərbaycan və Macarıstanla qarşılaşacaq Xorvatiya yığması daha bir itki ilə üzləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Marko Pyatsa sıradan çıxıb.

Növbəti oyunlar üçün heyətə çağırılan "Fiorentina"nın oyunçusu son məşqlərin birində sol dizindən xəsarət alıb. Hazırda müqavilə ilə "Yuventus"a məxsus olan və icarə əsasında Florensiya klubunda çıxış edən Pyatsanın müayinə zamanı bağlarında yırtıq aşkarlanıb. Əməliyyat olunacaq 24 yaşlı vinger üçün mövsüm erkən başa çatıb. Onun hətta 6 aya yaxın müddət yaşıl meydanlardan uzaq qalması ehtimal edilir.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç futbolçu ilə görüşdüyünü və təəssüf hissi keçirdiyini söyləyib: "üzücü xəbər oldu. Bu, həm Pyatsa, həm də milli komandanın bəxtsizliyidi. ümid edirəm ki, uğurlu əməliyyat keçirər və tezliklə yaşıl meydanlara dönər. Marko xarakterə malik güclü futbolçudu. Sağalana qədər ona dəstəyimizi əsirgəməyəcəyik".

Pyatsanın yerinə milli komandaya Zaqreb "Dinamo"sunun oyunçusu Bruno Petkoviç cəlb ediləcək.

Qeyd edək ki, martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək xorvatlar dörd gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest