AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Xorvatiya yığmasında itkilər gün keçdikcə artır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, son olaraq Marko Pyatsanın sıradan çıxması baş məşqçi Zlatko Daliçi çətin duruma salıb.

çünki "Fiorentina"nın vingerinin uzun müddətə zədələnməsi Daliçi başqa variantlara əl atmağa vadar edir. Pyatsanı millidə çox güman ki, Zaqreb "Dinamo"sunun üzvü Bruno Petkoviç əvəzləyəcək. Ancaq digər ön xətt oyunçuları İvan Perişiç və Ante Rebiçin də zədədən əziyyət çəkməsi vəziyyəti qəlizləşdirir.

Bu cütlükdən hər hansı biri Azərbaycanla görüşə qədər sağalmasa, baş məşqçi kimə dəvət göndərəcəyini bilmir. çünki hazırda bu mövqe üçün nəzərdə tutulan yeganə ehtiyat qüvvə məhz Petkoviçdi. Ancaq Daliç hücumçularının seçmə mərhələnin startına qədər sıraya dönəcəyinə ümid edir: "Perişiç və Rebiçin yaxşı olacağına inanıram. Perişiç əzələ problemi yaşayır. Amma onun Avropa Liqasında "Ayntraxt"la cavab görüşündə iştirak etməsi gözlənilir. Rebiç isə çərşənbə axşamı məşqə başlayacaq. O, dizindən xəsarət almışdı, amma vəziyyəti qorxulu deyil. ümid edirəm ki, Azərbaycanla görüşdə hər ikisi bizimlə olacaq".

Perişiç və ya Rebiçin sağalma prosesi uzun çəksə, məşqçilər korpusu Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Mislav Orşiç və ya AEK-in hücumçusu Marko Livayaya dəvət göndərəcək.

Qeyd edək ki, əvvəlcə martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək xorvatlar bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest