AVRO-2020-nin seçmə mərhələsində ilk oyunlarını Azərbaycan və Macarıstana qarşı keçirəcək xorvatlarda zədəli futbolçuların çoxluğu məşqçilər korpusunu narahat edir. Matc.az saytının məlumatına görə, son olaraq "İnter"in yarımmüdafiəçi Marselo Brozoviç zədələnib.

ötən il dünya çempionatının gümüş mükafatını qazanan "damalılar" hazırda oyunçu tapmaqda çətinlik çəkir. Təsadüfi deyil ki, mundialın Fransa ilə final matçında meydana çıxan 13 futbolçudan yalnız 4-ü hazırda tam sağlam vəziyyətdə baş məşqçi Zlatko Daliçin ixtiyarındadı. Bunlar Domaqoy Vida, Luka Modriç, İvan Rakitiç və Andrey Kramariçdi.

Daniel Subaşiç və Mario Mandzukiç Rusiyadakı dünya çempionatından sonra milli karyerasını başa vurub. Digər 7 oyunçu isə müxtəlif səbəbdən yığmadan kənarda qala bilər. Deyan Lovren cəzalı olduğu üçün yığmamızla görüşü buraxacaq. Həmçinin Şime Vrsaliko, İvan Ştriniç və Marko Pyatsa zədə ucbatından qarşıdakı matçları buraxacaqlar. Klublarında zədələnən İvan Perişiç, Marselo Brozoviç və Ante Rebiçin isə yığmamızla qarşılaşmada iştirakı sual altındadı. Bundan başqa, mundialda iştirak ərizəsində adı olan Yosip Pivariç də zədə səbəbindən dəvət almayıb.

Qeyd edək ki, martın 21-də Zaqrebdə Azərbaycan millisini qəbul edəcək xorvatlar 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest