15 Mart 2023, 23:13
MPL
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyun haqda danışıb
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyun haqda danışıb. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
"Oyuna yaxşı başladıq. İlk hissə yaxşı keçdi. Pressinq tətbiq edirdik. Təəssüflər olsun ki, bunu hesada əks etdirə bilmədik. Autdan sonra qapımızda qol gördük. Ucuz qol buraxdıq. Sona qədər mübarizə apardıq. Nəticəni dəyişə bilərdik, lakin fərqlənə bilmədik. Futbolçularımın çıxışından çox narazı ola bilmərəm.
Bəzi məsələlər var ki, sırf xarakterlə bağlıdır. Hansısa futbolçumda laqeydlik görsəm, tədbir görərəm. Hansısa epizodda nəsə alınmaya, uğursuzluq ola bilər. Amin Seydiyevlə bağlı epizodu şərh etmək istəmirəm.
Oyunun gec saatda başlaması, əksinə, futbolçular üçün daha yaxşıdır. Sanki beynəlxalq matça hazırlaşırsan. Rəqib də elə beynəlxalq səviyyədə rəqib idi. Sərfəli nəticə qazana bilərdik. Lakin "Sabah"ın heyətində olan futbolçular nəticəni müəyyənləşdirdi.
Əvvəlki illərdə epizod olurdu, şərh edirdik. Bu il hakimlərin səhvləri daha azdır. Tez-tez olmasa da, kritik səhvlər olur. Həm komandam, həm də rəqib yaxşı mübarizə apardı. Meydanda olanlara kölgə salmaq istəmirəm.
Səmimi deyəcəyəm: oyun planı ilə bağlı şikayətim yoxdur. Xal ehtiyatı olaraq daha çox xal toplamalıyıq. Qələbə qazanmaq müşkülə çevrilib. Keçən il olan oyunlarla bu il keçirilən oyunlar arasında çox fərq var. Burada 10 komandanın, sonuncu pillədə elitanı tərk edəcək kollektivin olması gərginliyi artırır. Asan oyun yoxdur. Hədəflərimiz dəyişmir. çətin çempionat yaşayırıq. Həlledici dövrə başlayır.
Mehdi Cənnətov ikinci qolda topu çıxara bilərdi. Bəli, bəzən dəyişikliklər edirəm. "Sabah" standart vəziyyətlərdə çox təhlükəlidir. Bu gün Mehdiyə şans verdim. Müəyyən detallar olur ki, onlar mənim qərarıma təsir edir.
Motivasiya problemi olsa, tədbirlər görərəm. Qışdan bu yana keçirdiyimiz oyunda yeganə problem "Səbail"lə matçda yaşanıb. Motivasiya ilə bağlı məsələləri məşqdə görmək olur. Elə futbolçular var ki, nəticə ilə kifayətlənir. Elələri də var ki, xeyr, kifayətlənmir. "Makkabi" ilə matçda motivasiya ilə bağlı problem var idi. Qol vurduq, ofsayd səbəbindən qeydə alınmadı. Söhbət bütün oyunlardan getmir. Biz mübarizə aparmalı, yolumuza davam etməliyik. Məncə, fasilə işimizə yarayacaq. Zədəli, xəstələnən futbolçularımız var. Coşqun Diniyev zədələnib. Dəyişiklik edəndə yüz ölçüb, bir biçirəm. Kulaç bu gün debüt etdi. Tam ideal formaya gəldikdən sonra daha güclü "Zirə"ni görəcəyik.
Bu gün səviyyə olaraq gənc qapıçımız istəklidir, çalışqandır. O, Mehdi ilə mübarizədə uduzur. İstədiyimiz səviyyəyə gəldikdə ona şans verəcəyik. Səhv etmirəmsə, bir oyuna çıxıb. Hələ tam hazır deyil.
"Qəbələ"nin oyunu haqda yalnız xoş sözlər demək olar. ümumiyyətlə, yerli məşqçilərin işini yüksək qiymətləndirirəm. Onların işləri təqdirəlayiqdir. "Şamaxı" ilə evdə qələbə qazana bilərdik. Şansları özümüz qaçırmışıq".