16 Mart 2023, 21:40
MPL
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 27-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
"özümüz oyunu çətinləşdirdik, ilk hissədə sürətli oynamadıq. Rəqibə əks-hücumlara keçmək imkanı verdik. Şansları dəyərləndirsəydik, fərqli olardı. İkinci qolu vurduq, dönüş yaratdıq. Ancaq dərhal sonra rəqib hesabı bərabərləşdirdi. Gözlədiyimiz oyun olmadı. Fasilədə futbolçulara daha çox özünəinam verməyə çalışacağıq".
O, son dəqiqələrdə VAR-a baxdıqdan sonra hesaba alınmayan qolları barədə hakimin verdiyi qərarla razılaşmayıb: "üçüncü qolda tribunalarda hamı qışqırırdı ki, qoldur. Məncə, elə çətin epizod deyildi. Oyunçunun iştirak etmədiyi epizoda görə oyundankənar vəziyyət verə bilməzsən. Hakimlər belə gördülər. Əlavə nəsə deyə bilmərəm".
Regekampf onları 6 xal qabaqlayan "Sabah"a çatacaqlarına inanır: "Oyunçularıma inanıram. Düşünürəm ki, ikinci pillədəki "Sabah"a çata bilərik. Qarşıda hələ oyunlar var".
Baş məşqçi "Qarabağ"dakı həmkarı Qurban Qurbanovun martın 26-da Türkiyə klubu "Qalatasaray"la keçiriləcək yoldaşlıq görüşü üçün digər komandalardan futbolçu götürmək istəyinə də münasibət bildirib. O, buna müsbət yanaşmayıb: "Bizim özümüzün də həmin vaxt üçün proqramımız, yoxlama görüşümüz var. Əsas heyətin 6-7 üzvü millidə olacaq. İstədiyimiz proqramla davam etmək üçün U-19 komandasından oyunçular cəlb edə bilərik. Hər komandanın öz proqramı var. İndiki vəziyyətdə belə addım atmaq çətin olar. Təsəvvür edin ki, futbolçumuz "Qarabağ"ın heyətində "Qalatasaray"la görüşdə zədə alır. Bunun ödənişini kim edəcək?"