Xorvatiya yığmasının yarımmüdafiəçisi Marselo Brozoviçin durumuna aydınlıq gəlib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 27 yaşlı oyunçu dünən MRT-dən keçib.
Klubu "İnter"in heyətində A seriyasının geridə qalan turunda "Spal"la görüşün birinci hissəsində zədələnərək əvəzlənən Brozoviçdə əzələ dartılması aşkarlanıb. Lakin müayinənin nəticəsi yığmanın baş məşqçisi Zlatko Daliçi sevindirib. Belə ki, həkimlər zədənin ciddi olmadığnı açıqlayıb.
Düzdü, Brozoviç Avropa Liqasının 1/8 final mərhələsində "Ayntraxt"la sabah keçiriləcək görüşü buraxacaq. Lakin növbəti oyuna qədər sıraya dönəcək. Bu isə o deməkdi ki, futbolçu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla matçlarda məşqçilər korpusunun ixtiyarında olacaq.
Qeyd edək ki, martın 21-də Zaqrebdə millimizi qəbul edəcək xorvatlar bundan 3 gün sonra Budapeştdə Macarıstanla üz-üzə gələcək.