02 Aprel 2023, 18:50
MPL
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 28-ci turunda "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Futbolçularımı təbrik edirəm. çox vacib 3 xal əldə olundu. Daha baxımlı oynaya bilərdik. Burada oynamaq heç də asan deyil. Həm meydança, həm buranın atmosferi, havası fərqlidir. Dəniz səviyyəsindən xeyli yuxarıdadır. Meydançanın durumu da futbolçuların daha dinamik olmasına problem yaradır. Oyundan-oyuna "Şamaxı" haqda xoş təəssüratlar yaranır. Onlara uğurlar arzulayıram.
Millidən qayıdan bir neçə oyunçunun daha çox istirahət etməsini istədik. İki ağır oyun keçirmişdilər. Sonda meydanda yerlilərin sayı çoxaldı. Digər futbolçular da əsas heyətdə oynamağa layiq idilər. "Qalatasaray"la matçda hər biri özünü yaxşı tərəfdən göstərmişdi. Qarşıda da belə hallar ola bilər. Kim hazırdırsa, onu meydana buraxmağa çalışırıq. Millidən qayıdan oyunçuların yorğunluğuna görə narahat idim. Psixoloji sıxıntıları da hiss olunurdu, bir az həvəssiz idilər. İki gün əvvəl normal məşq keçdilər.
Filip Ozobiçin hec bir psixoloji problemi yoxdur, hər şey qaydasındadır. 4 ay oynamadı. Hələ indi özünə gəlir. Bir az oyun praktikası lazımdır. Birdən-birə 90 dəqiqə meydanda olmağa tam hazır deyil. Bizim üçün hər oyunçu çox vacibdir. Qarşıdakı matçlarda yavaş-yavaş qaydasına düşəcək.
Millidən qayıdandan sonra futbolçuları əvvəlki formasına qaytarmaq üçün mənə azı 20 gün lazım olur. Oynayanlara istirahət verirəm. Oynamayanlar həm məşqlərdən, həm oyun praktikasından uzaq qalırlar. Millidən qayıdandan sonra futbolçuların hamısını eyni səviyyəyə gətirmək bizim üçün heç də asan deyil. Bu söz-söhbətlər həmişə olub. Normal şeydir".