09 Aprel 2023, 20:49
MPL
"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyun haqda (1:3) danışıb.
"Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Hansı səviyyədə komandaya qarşı oynadığımızı bilirdik. Yenə də öz oyunumuzu diktə etmək, heç olmasa, 1 xal qazanmaq istəyirdik".
Matc.az saytı xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
52 yaşlı çalışdırıcı qarşılaşmanın ardından mətbuat konfransında bu fikirləri səsləndirib:
"Komanda, bəlkə də, "Qarabağ"ın adına görə bir az ehtiyatlanırdı. Amma ümumilikdə səhvsiz, nizam-intizamlı çıxış etməyə çalışdıq. Penalti olmasaydı, bəlkə də, matç fərqli olardı. Sınma nöqtəsi penalti oldu. Ondan sonra komanda ardıcıl səhvlərə yol verməyə başladı. Qarşımızda Premyer Liqada qalmaq məqsədi durur. Bu baxımdan çox ağır üç oyunumuz olacaq ki, onlar bizim əsas rəqiblərimizdir".
- Əzmkar oyun nümayiş etdirsəniz də, ikinci hissədə buraxdığınız qollarla məğlub oldunuz. Uğurlu nəticəyə nə çatmadı?
- Penaltiyə qədər komanda oynayırdı. "Qarabağ" kimi rəqiblə görüşdə ikinci topu buraxanda psixoloji gərginlik hiss edirsən. Düşünürəm ki, son matçlardakı sərgilənən oyunla məğlubiyyət qaçılmaz idi. Təki "Qarabağ"a uduzaq, əsas rəqiblərimiz məğlub edək.
- Penalti epizoduna baxmısınız?
- Təmiz penalti idi. Buna şübhə yoxdur. Belə görüşlərdə diqqətli olmaq lazımdır. "Qarabağ" kimi komanda rəqibi səhvə məcbur edir və belə səhvləri də bağışlamır. "Qarabağ" çempionluq yolunda hamıdan öndədir. Elə səviyyədədir ki, oyunu dəyişəcək gücə malikdir.
- Adınız son vaxtlar Azərbaycan millisi ilə birgə hallanır və bəzi mütəxəssislər bunun müsbət dəyişiklik ola biləcəyini düşünür. Belə bir təklif olsa, cavabınız nə olar?
- Azərbaycan millisində işləmək şərəfdir. Ağır günlərində yığmanın şərəfini qorumuşuq. Məşqçi kimi etimad göstərilsə, bunu layiqincə yerinə yetirməyə çalışacağam. Mənim adımı hallandıranlara təşəkkür edirəm. Həmişə demişəm ki, millidə yerli mütəxəssis çalışmalıdır. Söhbət tək məndən getmir. "Qarabağ"dan başqa klublarımızın səviyyəsi hələ o qədər də yüksək deyil. Avropa səviyyəli klublarımız çox olsa, o zaman adlı-sanlı məşqçi gətirmək olar.
- Klub rəsmisi İlqar Nadiri mətbuata açıqlamasında deyib ki, sizinlə müqavilənin uzadılması çempionatda qalıb-qalmamaqdan asılı olacaq. Bu barədə danışıq aparılıb, yoxsa mövsümün sonunu gözləyirsiniz.
- Heç bir danışıq olmayıb. Premyer Liqada qalmağımız hələ rəsmiləşməyib. üç vacib matçımız olacaq. Həmin görüşlərdə maksimum nəticə əldə etməliyik ki, elitada qala bilək. Nə mənimlə, nə də futbolçularla danışıq gedir.