"Gərgin oyun alındı, futbolçularda bəlkə stress də var idi. Qalibiyyət üçün çox əziyyət çəkdilər".

Matc.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXIX turunda "Kəpəz"i 3:1 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirərkən deyib.

51 yaşlı mütəxəssis mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib:

"Bu gün dinamik komandaya qarşı çıxış edirdik. "Kəpəz" son vaxtlar həm baxımlı, həm də fərqli oyun göstərir. çox sürətli oyunçuları var. Bir neçə səhvdən başqa rəqibin hücumlarının qarşısını ala bildik. Vacib 3 xal qazandıq".

- Cari mövsüm Avropada milli çempionatda məğlub olmayan iki komanda var – "Qarabağ" və "Srvena Zvezda". Bu amil futbolçularda əlavə stimul yaratmır?
- Dünya futbolunda belə hallar olur. çempionat hələ bitməyib. ötən il bir məğlubiyyətimiz olmuşdu. O vaxt da həmin görüşdə uduzmasaydıq, eyni ssenari olacaqdı. Məğlubiyyətsiz çempion olmaq istərdim. Amma məqsədə hələ çatmamışıq, qarşıda 7 oyun var. Bu cür çempion olmaq istəyirik deyə işimizi davam etdirsək, səhv edərik. Hər matçda komandanı uduzmamaq istəyi ilə çıxarmağa çalışıram. Futbolda düşünmədiyin anlarda məğlub olduğun anlar çox olub.

- Qış fasiləsində heyətə cəlb etdiyiniz 3 yeni oyunçunun bu vəziyyətdə olacağını gözləyirdiniz?
- Planlarıma görə, daha yaxşısını gözləyirdim. Həm Benziya, həm də Diakabi düşünmədiyimiz vaxtda zədə aldılar. Get-gedə özlərinə gəlirlər. Daha yaxşı səviyyəyə qalxmalarına çalışacağıq.

- Mövsüm sona yaxınlaşdıqca həm pxisoloji, həm də fiziki gərginlik artır. Bu baxımdan komandanı hazırlaşdırmaq çətin olmur?
- Bəzən çətin olur. Komandada yeni futbolçular olanda tam adaptasiyaya vaxt lazım olur. Bura kimi futbola fərqli yanaşa bilərlər. Amma bizdə tam fərqlidir. İstərdim ki, sona kimi daha istəkli, daha yaxşı formada olsunlar. Ancaq istənilən halda təsiri olacaq. çünki yorulan futbolçular var. Onların da əksəriyyəti millidə çıxış edənlərdir. çünki daha çox oyun keçirirlər. özüm də bu yolu keçmişəm. Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan. Sona kimi işimizdə ciddi olmalıyıq, bunu futbolçulara da çatdırmağa çalışırıq.

- Toral Bayramovun "Qalatasaray"ın, Abdullah Zubirin "Alanyaspor"un, Elvin Cəfərquliyevin isə "Anderlext"in transfer siyahısında olduğu barədə məlumatlar yayılır. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Ola bilsin ki, sadəcə məlumatlar yayılıb. Bizə heç bir rəsmi təklif yoxdur. Varsa da, normal haldır. İlboyu gedən prosesdir, hər hansı təkliflər olacaq. Bəzən hansısa futbolçunu əldə etmək üçün menecerlər kluba yox, futbolçunun özünə çıxırlar. Futbolçunun fikirlərini yayındırmağa başlayırlar. Bizə rəsmi heç bir təklif gəlməyib.

- "Qarabağ" uğur qazandıqca çətinlikləriniz də artır. Bunun qarşısının alınması üçün hansısa qadağalar qoyulur?
- Deməzdim ki, qadağa qoyulur. Təəssüf ki, bunlar qaçılmazdır və işimizə çox mane olur. 3-5 illik komanda formalaşdırırıq, öz oyunumuzu tam istədiyimiz səviyyəyə qaldırmaq istəyirik. Gözləmədiyin vaxtda hansısa təklif olur. Futbolçu gedəndə bir problem olur, getməyəndə başqa. Getdiyi zaman onun səviyyəsində birini tapmağa çalışırsan. Getməyəndə də futbolçu düşünür ki, orada oynamağa layiq idim, məni buraxmadılar. Onu ələ almaq üçün 2-3 ay vaxt lazım olur. Bəlkə sürətdə bir az uduzmuşuq, gücdə geri qalmışıq. Amma ümumi oyun modelini qoruyub saxlamışıq. Problemsiz işləmək daha asan olardı. Amma problemin içində də insan böyüyür. Bunun ziyanı da, faydası da var. Biz öz yerimizi qorumağa çalışırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest