12 Aprel 2023, 15:21
FUTBOL
""Mənim 63, Lempardın 44 yaşı var. Yəni onunla müqayisədə 20 il daha çox təcrübəm var"
çempionlar Liqasının son qalibi "Real" 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində bu gün "çelsi"ni qəbul edəcək. Matc.az saytı xəbər verir ki, hər iki komandanın baş məşqçisi qarşılaşma öncəsi fikirlərini bildirib.
"Kral klubu"nun çalışdırıcısı Karlo Ançelotti rəqibdəki həmkarı barədə xoş fikirlər səsləndirib: "Mənim 63, Lempardın 44 yaşı var. Yəni onunla müqayisədə 20 il daha çox təcrübəm var. Ancaq bu, oyun zamanı baş verənləri dəyişmir. Lempardla işləmək mənə qismət oldu. Heyrətamiz dərəcədə peşəkar idi. Komandanı belə matçlara necə hazırlayacağını yaxşı bilir. Təcrübə o qədər də vacib deyil. O, bir çox futbolçularla yaxşı tanışdı və uğur qazanacaq".
Yenidən "çelsi"yə qayıdan Frenk Lempard isə ispanların favorit olduğunu etiraf edib: "Santyaqo Bernabeu" oyunçuları ruhlandıra biləcək qorxulu yerdi. Burada bir dəfə - İngiltərə yığmasının heyətində İspaniyaya qarşı oynadım, Xavi və İnyestaya görə topa toxuna bilmədim. Hazırkı heyətimiz isə belə arenalarda çıxış etməyə öyrəşib. Bu mərhələdə səviyyə yüksəlir. "Real"ın güclü olduğunu başa düşməliyik, topsuz intizamlı oynamalıyıq. özümüzə inanmalı və təzyiq altında olanda planlarımızı unutmamalıyıq. "Real" favoritdi. Amma futbolda insanların səhv olduğunu sübut etməkdən şirin heç nə yoxdu".
Qeyd edək ki, "Real" - "çelsi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.