16 Aprel 2023, 21:54
MPL
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Murad Musayevi, "Sabah"ı təbrik edirəm. çox vacib qalibiyyət əldə etdilər. Təəssüf ki, standart vəziyyətlərdən çox bəsit qollar buraxdıq. Futbolçulara rəqibin üstün tərəfləri haqda məlumat verilir. Əlbəttə ki, hardasa səhvlər buraxılır. İkinci qol çox tez oldu. Qapıya yaxın olmayan yerdən yerinə yetirilən cərimə zərbələri qolla nəticələndi. Görünür, bu gün "Sabah" qələbəyə daha çox layiq idi. Onlara uğurlar arzulayıram. öz komandama gələndə, çox etiraz ediləsi düşüncədə deyiləm. Bir ildən çoxdur ki, çempionatda məğlub olmurduq. Nə vaxtsa məğlubiyyətin olacağı gözlənilirdi. İnanıram ki, bu məğlubiyyət bizim üçün faydalı olacaq. "Sabah" qalib gəlibsə, deməli, qələbə onların haqqıdır. Hər iki hissədə yüz faizli qol epizodlarımız oldu. Amma onlar bu gün qalibiyyətə daha çox layiq idilər.
Futbol elə oyundur ki, hər epizodu qola çevirmək heç də asan deyil. İlk epizodda Musa hər şeyi düzgün etmişdi, sadəcə, qapıçı yaxşı oynadı. İkinci epizodda top qapıçının üstünə getdi. çox da asan top deyildi. Qol vururlar, qalib gəlirik, vurmurlar, məğlub oluruq.
Filip Ozobiçin son oyunlarda ehtiyatda qalmasının ciddi bir səbəbi yoxdur. Digər futbolçular neçə vaxtdır oynayırlar, heyət komplektləşib. Onun yerində oynayan Leandro Andrade özünü heç də pis göstərmir. Ozobiç də oynayacaq. Qarşıdakı matçlarda onun da şansı olacaq. Oynamağa hazırdır.
Şahruddin Məhəmmədəliyev də tam sağalıb. Həkimlərlə məsləhət edəcəyik. Birdən-birə belə oyunlara çıxmaq risk olar. Eyni yerdən ikinci dəfə zədə almışdı. Ona görə daha çox vaxt udmaq istəyirik ki, tam bərpa olunsun. Hər şey yaxşılığa doğru gedir. Artıq komanda ilə tam məşqlərə qoşulub".