21 Aprel 2023, 18:38
MPL
"Qarşımızda son dövrəni ən yaxşı şəkildə keçirən "Kəpəz" var idi. Onların həm yerli, həm də əcnəbi oyunçuları yüksək keyfiyyətə malikdilər". Matc.az saytının məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Kəpəz"lə keçirilən oyundan sonra deyib.
Premyer Liqanın XXXI turunda 1:1 hesabı ilə başa çatan qarşılaşmanı dəyərləndirən mütəxəssis komandasından razılıq bildirib: "Rəqibin sürətli və texnikalı oyunçularına qarşı yaxşı oyun nümayiş etdirmək istəyirdik. Düşünürəm ki, yaxşı çıxış etdik, ancaq qələbə qazana bilmədik. Qarşıdakı matçlara 3 xal üçün çıxacağıq".
39 yaşlı çalışdırıcı bildirib ki, "Kəpəz" onların zəif cəhətlərindən yararlanıb: "Kəpəz"in üstün cəhətlərini bilirdik. Demək olar ki, hər oyunda bizə standart vəziyyətdən qol vurublar. Bizim isə zəif cəhətlərimizdən biri standart vəziyyətdi. Ani diqqətsizlikdən qol buraxdıq. Sona qədər qədər mübarizə aparacağıq ki, istedadlı gənc futbolçularımızı Premyer Liqada saxlayaq".
O, sonda azarkeşlərə də səslənib: "Hər görüşdə azarkeşlərə səslənirik ki, gəlib dəstək olsunlar. Şamaxıya futbol yaraşır. İstedadlı gənc futbolçularımız var. Belələrinin sayı günü-gündən çoxalır. Azarkeşlər dəstək olsalar, komanda Premyer Liqada qalsa, gələcəklə bağlı yaxşı planlarımız var".