22 Aprel 2023, 19:23
MPL
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 31-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 31-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Azarkeşlərimiz bu gün möhtəşəm idilər. Ağır oyun oldu. Ağır qrafikdəyik. Hər oyun zədəlilərin sayının artması bizi narahat edir. Bu gün də Tərlan Əhmədlinin zədələnməsi çox pis təsir etdi. İki cəbhədə vuruşmalıyıq. Oyun pis alınmadı. Amma rəqibin ustalığı öz sözünü dedi. Əllərinə düşən epizodları qola çevirdilər. Bizim də epizodlarımız oldu, sadəcə, sonluq alınmadı. Sıx qrafikdə rotasiyaların olması normaldır. Kubokda şansımız var. Bilirik çox çətin olacaq. Cavab görüşünə tam gümrah getmək istəyirik. Buna görə rotasiyalar etdik.
Biz də hesablayırıq, turnir cədvəli ilə yaşayırıq. çünki, bilirik bizi qarşıda nə gözləyir. İki tur əvvəl də demişdim ki, hələ təhlükəli yerdəyik. Lazım olan oyunlarda qələbə qazana bilmədik. Bundan əvvəlki turlarda bir qələbə bizi rəqiblərdən aralayırdı. Qarşıda matçlar var. Evdə "Səbail" və "Neftçi" ilə oynayacağıq. Kubokdan sonra tam olaraq çempionata köklənəcəyik. Sona qədər mübarizə gedəcək. Futbolçularıma inanıram. Aşağı pillələrdə ola bilərik. Amma əsas məqsəd Premyer Liqada qalmaqdır. Bunun üçün çalışacağıq. Kubokun yarımfinalına çıxmışıq. Riskə gedəcəyik, getməliyik.
Milnerin durumu kritikdir. Oynamaq şansı azdır. Müalicəsi davam edir. Piruzi Marakvelidze ilə Şəhriyar Əliyevin durumu yaxşılığa doğru gedir. Qalan futbolçularımız yaxşıdır. Tərlan Əhmədlinin Əzələsində dartılma var. Bu gün Kamal Bayramovun da cəzası var idi. Mehman Hacıyev ilk oyununa çıxdı. Kubokda Kamal oynaya biləcək".