Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Xorvatiya ilə keçiriləcək oyunöncəsi ölkəsinin mətbuatına müsahibə verib. Matc.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis Zaqrebə ümidlə yollanacaqlarını söyləyib.
- Xorvatiya ilə matçın hazırlığına başlamısız. Toplanış necə keçir?
- Təlim-məşq toplanışına başlayıb, seçmə mərhələnin oyununa hazırlaşırıq. Ancaq hələ də legioner həyatı yaşayan 2-3 oyunçu gözləyirik. Futbolçuların hamıs sağlamdı. Yalnız Topaz Premyer Liqasının ötən turunda 1-2 xırda zədə var ki, onları da ciddi saymaq olmaz. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil edilib. Komanda üçün ideal şərait yaradılıb.
- Xorvatiya ilə Azərbaycanı müqayisə etsəniz, hansı fərqləri qeyd edərdiniz?
- Müqayisə aparırıqsa, FİFA-nın sıralamasına nəzər yetirmək lazımdı. Əlbəttə, fərq var, Xorvatiya tam başqa dünyadı. Ancaq bizim yaxşı oyunçularımız var və onlar spesifik futbol sərgiləyir. Bəzən kağız üzərində autsayder olan komanda güclü rəqib önündə sürpriz nəticə əldə edir və ya yaxşı müqavimət göstərir. Biz də "Maksimir"də bunu etməyə çalışacağıq. Görək bizdən gözlənilənləri nə dərəcədə qarşılayacağıq.
- Belə çıxır ki, Zaqrebə Xorvatiyanı şoka salmaq üçün gəlirsiniz? Axı, hamımız komandamızdan qələbə gözləyirik...
- Rəqibə yuxarıdan-aşağı baxmaq və ya onu həddən artıq güclü hesab etmək düzgün. Bizim təslim olmaq fikrimiz yoxdu. Əksinə, uğurlu çıxış etməyə çalışacağıq. Düzdü, bizim yüksək reytinqimiz yoxdu. Amma nəyəsə ümid etməyə haqqımız var. Qrupun favoritini təəccübləndirməyə çalışacağıq. Xorvatiya yığmasına Azərbaycanda hörmətlə yanaşırlar. Bakıdakı hər addımımda da bunu hiss edirəm.
- Azərbaycan klubu "Qarabağ" bir neçə ildi avrokubokda yaxşı çıxış edir...
- Doğrudu. Amma hazırda çempionata "Neftçi" başçılıq edir. Hər iki komandada kifayət qədər əcnəbi var ki, onlar klubda vacib rol oynayırlar. "Qarabağ" avrokuboklarda bir neçə dəfə qrupa düşüb, hətta bəzən favoritlərlə gözlənilməz nəticələrə də imza atıb.
- Azərbaycan mətbuatı Ramil Şeydayev, Rüfət Dadaşov, Eddi İsrafilov və Dmitri Nazarovu fərqləndirir. Sizin onlar barədə düşüncələriniz nələrdi?
- Şeydayev Rusiya Premyer Liqasında çıxış edir, Rusiya futbolunun yetirməsidi. Biz onu səbirsizliklə gözləyirik. Ramil yaxşı ustalıq keyfiyyətlərinə malikdi. Biz ona inanırıq. O, əsas ümidlərimizdən biridi.
- Hesab edirik ki, siz Zaqrebdəki oyunun böyük hissəsini müdafiədə keçirəcəksiniz...
- 90 dəqiqə ancaq müdafiə olunacağımızı gözləmək çətindi. Əlbəttə, hücumlarımızla Xorvatiyaya təhlükə yaratmağa çalışacağıq. İmkan yarandıqca buna cəhd edəcəyik. Xorvatiya millisinə böyük hörmətlə yanaşırıq. Onlar haqda hər şeyi bilirik. Lakin bizim də ümidlərimiz var. Bu 2 yığmanın start mövqeləri bəllidi. Xorvatiya aşkar favoritdi. Amma həmişə ümid yer var. Mən nikbinəm. Düşünürəm ki, yaxşı oyun göstərəcəyik. Bunun hansı nəticə üçün kifayət edəcəyini isə qarşılaşma göstərəcək.