AVRO-2020-nin seçmə mərhələsində ilk oyunlarını Azərbaycan və Macarıstana qarşı keçirəcək Xorvatiya yığmasında heyətlə bağlı ciddi problemlər yaşanır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Zlatko Daliç yığmamızla açılış oyununda hansı futbolçulara güvənəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir.

çalışdırıcını, xüsusən də, qapı və müdafiə xəttindəki problemlər düşündürür. "Aston Villa"nın qolkiperi Lovre Kaliniç millidə əsas qapıçı olsa da, klubunda vəziyyəti ürəkaçan deyil. O, sonuncu dəfə bir ay əvvəl klubunda meydana çıxıb. Oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, çalışdırıcının çərçivəni məhz Kaliniçə etibar etməsi gözlənilir.

Müdafiə xəttindəki durum isə daha acınacaqlıdı. Şime Vrsalika, Yosip Pivariç, İvan Ştriniç və Tin Yedvay zədəli olduğu üçün komandadan ayrı qalıb. Müdafiənin dirəyi Deyan Lovren isə həm zədəli, həm də cəzalıdı. Daliç yığmamızla görüşdə arxa xətdə cəmi 1 əsas heyət üzvünü meydana buraxa biləcək ki, bu, Domaqoy Vidadı. Ona Due çaleta-çar tərəfdaşlıq edəcək. Müdafiənin sol cinahında Marin Leovats - Borna Barişiç cütlüyündən birinin, əks cinahda isə vinger Yosip Brekalonun iştirakı gözlənilir.

Orta sahədəki "üçlüy"ün İvan Rakitiç, Marselo Brozoviç və Luka Modriçdən təşkil olunacağı dəqiqdi. Hücum "trio"su da, demək olar ki, bəllidi. Hazırda yaxşı formada olan Andrey Kramariç hücumun mərkəzində yer alacaq. İvan Perişiçlə Ante Rebiç isə müvafiq olaraq sol və sağ cinahlardan ona dəstək verəcək. Yalnız Rebiçin zədəsinin durumuna görə, onun iştirakı sual altına düşə bilər.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest