Avropa çempionatının seçmə mərhələsinə böyükhesablı məğlubiyyətlə başlaması gözlənilən Azərbaycan millisi az qala dünya ikincisindən xal alacaqdı. Hər halda yeni baş məşqçi Nikola Yurçeviçlə cəmi 5 gün bir yerdə olan komandamızın Xorvatiya kimi rəqibə həyəcan yaşatması nikbin təəssürat yaradır.

Ancaq bu cür dünya səviyyəli komandanı büdrətmək üçün təkcə taktiki planın düzgün olması kifayət etmirdi. 11 futbolçunun hər birinin yüksək əzmlə və soyuqqanlı şəkildə oynaması da vacib idi. Dünənki qarşılaşmada yığmamızda məhz bu amil çatışmadı. Bəzi futbolçular gözlənləndən də yaxşı çıxış etdilərsə, bəzilərinin zəif oyunu xorvatların əzmkar qələbəsinə səbəb oldu.

Heyətində ciddi itkiləri olan Xorvatiya millisi dünən, bəlkə də, ən zəif oyunlarından birini keçirdi. "Damalılar" həm hesab 0:0 olarkən, həm də geriyə düşdükdən sonra yarımmüdafiə/müdafiə xəttimizi yarmaqda xeyli çətinlik çəkdi. Rəqib futbolçular kompakt şəkildə hücuma çıxa, komandamızı təzyiq altında saxlaya bilmirdi. Lakin xırda detallar və kiçik fərdi səhvlər xal almaq ümidimizin üstündən xətt çəkdi.

 

Səlahət Ağayev - Birinci hissədə bir epizodda topu əlindən buraxmaqla komandamıza həyəcanlı an yaşatdı. Bunu nəzərə almasaq, oyunu pis keçirmədi. Xüsusən də, ikinci hissədə cinah ötürmələri və standart vəziyyətlər zamanı uğurlu çıxışlarla müdafiə xəttinə nəfəs dərdirdi. Buraxılan qollara görə onu günahlandırmaq doğru olmaz.

Bədavi Hüseynov - Oyunu yüksək səviyyədə keçirdi. öz işini görməklə yanaşı, gənc tərəfdaşı Rahil Məmmədova da kömək edirdi. Arxa xətt oyunçuları arasında meydanın ən soyuqqanlısı "Qarabağ"ın müdafiəçisi idi.

Rahil Məmmədov - Gənc futbolçu ilk dəqiqələrdən həyəcanını boğmaqda çətinlik çəkirdi. Bu da bir çox epizodda mövqe səhvinə səbəb olurdu. Solundakı Bədavi və sağındakı Maksim Medvedev onun səhvlərini sığortalayırdı. Məmmədovun komandamıza ən böyük köməyi "ikinci mərtəbə"də oldu.

Maksim Medvedev - Kapitan öz cinahında pis təsir bağışlamırdı. Nəzərə alaq ki, daha çox mərkəzə meyillənərək, Rahil Məmmədova dəstək verməyə çalışırdı. Komandamız oyunu müdafiədən qurduğundan, Maksimin irəli çıxmaq imkanı olmurdu.

Şəhriyar Rəhimov - Rəqibin daha çox sağ cinahdan hücumlar etməsi komandamızın solunda yaranan boşluqdan qaynaqlanırdı. Maksim kimi, Şəhriyar da hücuma çıxa bilmirdi. Buraxılan ikinci qol epizodunda isə önünə düşən topu necə gəldi irəli vurmaq barədə düşünməsəydi, bəlkə də, komandamız səfərdən 1 xalla dönəcəkdi.

Qara Qarayev - Rəqib əsasən cinah həmlələrinə üstünlük verdiyindən, Qarayevə çox yük düşmürdü. Düzdü, birinci hissədə hansısa qabardılacaq səhvi yox idi. Amma ikinci hissədə ötürmələr zamanı uşaq səhvlərinə yol verirdi. Komandamızın orta sahədə çoxluq təşkil etməsi onun işini nisbətən asanlaşdırmışdı.

Eddi İsrafilov - Qaranın kölgədə qalması Eddinin uğurlu çıxışından qaynaqlanırdı. Onu əminliklə yığmamızın ən yaxşısı saymaq olar. Həm müdafiəyə tələb olunandan da artıq dəstək verdi, həm də əks-hücumlar zamanı dəqiq uzun ötürmələri ilə diqqət çəkdi.

Riçard Almeyda - Orta sahədəki "trio"nun solunda çıxış edən braziliyalı millimizin zəif bəndlərindən idi. Almeyda rəqibin kapitanı Luka Modriçə yaxın oynasa da, əksər epizodlarda "Real"ın yarımmüdafiəçisi onu rahatlıqla adladıb keçirdi. Almeydanın hücuma dəstəyi də yetərincə deyildi.

Dmitri Nazarov - Yarımmüdafiənin sol cinahında yer alan "Aue"nin üzvü matça hazır deyildi. Düzdü, meydanda olduğu müddətdə nadir hallarda mərkəzi keçirdi. çünki əksər vaxtlarda hətta cinah müdafiəçisi funksiyasını da yerinə yetirirdi. Bəzi anlarda topu rəqibdən "oğurlasa" da, iki addım atıb onu dərhal itirirdi. Dünən yığmamızın ən zəifi məhz Nazarov idi.

Mahir Mədətov - Sağ cinahdan həm müdafiəyə kömək etməli, həm də hücumlar zamanı irəli birinci o çıxmalı idi. Müdafiə olunmaq baxımından müəyyən qədər işinin öhdəsindən gəlirdi. Lakin topa sahib olduğu zaman fərdi oyuna meyil etməsi yığmamızın başına bəla oldu. Hər dəfə rəqibin 2-3 oyunçusunu birdən aldatmaq cəhdi uğursuz alınınca, xorvatların yeni hücumu başlayırdı.

Ramil Şeydayev - Klubunda son vaxtlar əla təsir bağışlayan gənc hücumçu Bədavi və Eddi ilə birlikdə ən yaxşılardan idi. Hücumda tək qalmasına baxmayaraq, xorvatiyalı müdafiəçilər ondan az çəkmədilər. öz zəhməti sayəsində iki real qol şansı yaxaladı, bunun birində toru silkələməyi bacardı. 90 dəqiqə meydanda dayanmadan qaçdı, rəqib müdafiəçilərinə rahat hərəkət etmək imkanı vermədi.

Araz Abdullayev - Nazarovu əvəz edən Araz ondan heç də geri qalmadı. Meydanda olduğu yarım saatda nə müdafiəyə düz-əməlli kömək edə bildi, nə də hücuma. Bəzi epizodlarda hətta bomboş vəziyyətdə top ayağına da dolaşırdı.

Emin Mahmudov - Onun vəzifəsi orta sahədə dinamikliyi artırmaq və mümkün qədər topun komandamızda qalmasını təmin etmək idi. Lakin "Neftçi"nin kapitanının bunun öhdəsindən gəldiyini demək olmaz.

Rüfət Dadaşov - Yalnız son dəqiqələrdə meydana çıxan hücumçunun nəsə etməsi üçün vaxtı yox idi.

 

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest