"Maraqlı və əzmkar oyun getdi. Qarşılaşmaya ciddi hazırlaşmışdıq". Matc.az saytı xəbər verir ki, bu sözlər Litva yığmasının baş məşqçisi Valdas Urbonasa məxsusdu.

Baltikyanı ölkə təmsilçisi Azərbaycan millisi ilə keçirdiyi yoldaşlıq görüşündə heç-heçəyə nail olub - 0:0.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Urbonas fikrini bu sözlərlə davam etdirib: "Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Müdafiədə etibarlı çıxış etdik. Fikrimcə, ilk hissədə daha yaxşı oynadıq. Topa sahib olur, təşkilatlanmış hücumlar edirdik. Bu oyuna mövqelər üzrə yanaşırdıq. Meydan sahibləri bu gün ikinci hissədə daha fəal idilər. Ancaq nəticə oyuna görə idi. Hər iki komandanın qol imkanları çox olmadı. Komandamın oyunundan razı qaldım".

- Yəqin ki, qapınızda qol görmədiyiniz üçün razı qaldınız? çünki oyun ərzində qol imkanı yarada bilmədiniz...

- Bir daha təkrar edirəm, Azərbaycan yığmasının individual cəhətdən texnikalı oyunçuları var. Onlara qarşı qrup şəklində düzgün müdafiə olunmaq vacib idi. Azərbaycan yığmasına qapımız qarşısında rahat oynamaq imkanı vermədik. Təbii ki, hücumlar etməyə də çalışırdıq. Pressinq edərək, qol vəziyyətləri yaratmaq istədik.

- Lüksemburqla Azərbaycanı müqayisə etsəniz, hansını daha güclü sayarsınız?

- Onları müqayisə etmək istəmirəm. çünki biri rəsmi, digəri yoldaşlıq görüşü idi. Bunlar arasında böyük fərq var. Bir o qədər də uğurlu təqvim deyildi. Birinci yoldaşlıq görüşü keçirməyimiz daha yaxşı olardı. Sizin komandanız Xorvatiyaya çətin anlar yaratmağı bacarmışdı. Orda müdafiədən oynamağa məcbur idi. Bu gün də topla oynamaq bacardığını göstərdi. Top səndə olanda yaradıcılıq qabiliyyətin daha yaxşı büruzə verir. Heyətdə bəzi rotasiyalar etdim. İki səfər oyunundan sıfırla qayıtmaq istəmirdik. Sevindik ki, bu gün 0:0-la qayıdırıq.

- Azərbaycan yığmasının zəif cəhəti nə idi?

- Baş məşqçiniz yeni idi. Fərdi cəhətdən yaxşı oyunçularınız var. ümumilikdə təhlil etmək baş məşqçinizə hörmətsizlik olardı. Bir daha rəqibin yaxşı komanda olduğunu gördüm. Azərbaycan yığmasına uğurlar arzulayıram.

- Niyə doğma dilinizdə deyil, rus dilində danışırsınız?

- Azərbaycan da Postsovet ölkələrindən biridi. Əgər Litva dilində danışmağımı istəyirsinizsə, problem yoxdu. İngilis dilində də həmçinin. Əsas odu ki, burda futbol barədə danışırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest