"Maraqlı və gözəl oyun oldu. Hərçənd qarşılaşmanın gedişi asan deyildi". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başlayan komandamız bu gün "Bakcell Arena"da Litva ilə yoxlama görüşündə üz-üzə gəlib. Yeni baş məşqçi Yurçeviçin millimizin "sükanı arxası"ndakı ilk ev oyunu qolsuz heç-heçə ilə nəticələnib.

Xorvatiyalı mütəxəssisin mətbuat konfransında bərabərlik şərhi belə olub: "Qələbə qazanmaq üçün hər şeyi etdik. Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanlarımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. ümumi götürdükdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, ardı gəlsin. ümumilikdə komandadan razı qaldım".

- Bu gün sizin üçün nəticə, yoxsa sərgilənən oyun önəmli idi?

- Əvvəlcədən hədəfimiz qələbə idi. Bunun komandanın oyununa inam gətirəcəyini bilirdik. Ancaq bizim üçün təkcə hesab yox, oyunçuları görmək də vacib idi. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları müxtəlif situasiyalarda görmək istəyirdim. Həm mövqe, həm də düzülüş etibarı ilə asan deyildi. Bir çox şeyi qaçırmamağa çalışdıq. Yekunda alındıra bildiyimiz budu. Buna əlavə misal gətirmək istəyirəm. Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Belədə Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. ömər Buludova da şans vermək istəyirdim. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Bu üzdən məmnun qaldım.

- Vitse-çempiona qol vuran komanda bu gün rəqib qapısına yol tapa bilmədi. Rəqibin baş məşqçisi də sizin kimi deyir ki, birinci hissəni yaxşı keçirdik...

- Bir daha təkrar edirəm ki, ilk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Qol imkanlarımız da daha real idi. 100 faizlik şanslarımız oldu. İkinci hissədə oyunçularda yorğunluq başladı, üstəlik, dəyişikliklər oldu. ümumi gəldiyim qənaət o oldu ki, oyun planında biz daha güclü idik.

- Pavel Paşayevin çağırılmaması zədəli olması ilə bağlı idi?

- Paşayev zədəlidi. Əslində o, heyətdə yer almalı oyunçudu. Sadəcə, zədəli olduğu üçün çağırılmadı.

- Yoldaşlıq görüşünü nəzərə alsaq, fərqli "11-lik"lə başlaya bilməzdinizmi? Məsələn, Emil Balayev, ömər Buludov kimi oyunçuları ilk dəqiqələrdən meydana buraxmaq olmazdımı?

- Bir çox şeyi etmək olardı. Sadəcə, Buludova da şans vermək yaxşı olardı. Həmçinin ikinci qapıçıya da. Buna görə təəssüf edirəm. Hamını razı salmaq asan deyil. Həm udmaq, digər tərəfdən hamıya şans vermək istəyirik. Bütün bunları eyni anda etmək asan deyil. 10 gün mənim üçün faydalı oldu. Yeni oyunçular gördük, komanda daxilində yaxşı atmosfer oldu. Bu, mənim üçün çox vacibdi. Gələn oyunlara hazırlıq mənim üçün daha vacibdi.

- Millətlər Liqası səviyyəsində olan bir komanda ilə öz meydanımızda heç-heçə etdik. Rəqiblərin səviyyəsi, hətta baş məşqçinin milliyyəti də dəyişməyib. Qələbə üçün başqa nə etmək lazım idi?

- çox çətin sualdı. Əgər şanslardan istifadə edə bilirsənsə, qələbə şansın daha çox olur. Biz də bunlardan yararlanmağa çalışacağıq. Oyuna da hücumameyilli başlamışdıq, sonradan da ön xətt oyunçuları meydana buraxdıq. Heyf ki, qol vura bilmədik.

- Bu gün qeyri-iş günü olsa da, azarkeş sayı yenə çox az idi. Azarkeşləri stadiona cəlb etmək üçün nə etməyi düşünürsünüz?

- Nə deyə bilərəm. Mən də istərdim ki, çox azarkeş olsun. Tribunaların heç olmasa yarısı dolsa, atmosferlə daha yaxşı adrenalin yaranar və bəlkə də, bir və ya bir neçə qol vura bilərdik. Ola bilsin ki, havanın soyuq olmasından qaynaqlanır. Və ya azarkeş cəlb etmək üçün yaxşı nəticələr göstərməliyik.

- Assosiasiya sizi AVRO-2020-yə vəsiqə üçün gətirdiyini açıqlamışdı. Sonradan siz belə tələbin olmadığını dediniz. Bu məsələ dəqiqləşibmi?

- Məqsəd odu ki, daha yaxşı oynamalıyıq. Durumumuzu siz də bilirsiniz. Amma bunlara söykənmək istəmirik. Macarıstan və Slovakiya ilə qarşıdakı oyunlarda qələbə istəyirik. Amma bu, bizim istəyimizdi. Reallıq fərqli ola bilər. Hər halda bizim arzumuz budu.

- "Zirə"nin baş məşqçisi Samir Abasov ötən gün jurnalistlərə açıqlamasında İsmail Fofananı milliyə təklif etmişdi və demişdi ki, İsmail azərbaycanlı adıdı. Sizcə, o, bununla nə demək istəyir?

- Elə bildim ki, ciddi sualdı. Fofananı necə yığmaya çağıra bilərəm? Bəlkə məşqçinin niyyəti budur ki, ölkədə daha çox xarici oyunçular çıxış etsin, bunu bilmirəm. Demişdim ki, klubları ziyarət edib, məşqçilərlə görüşəcəm. "Qarabağ" və "Neftçi" ilə görüşmüşəm, orda görülən peşəkar işdən çox razı qaldım. Milli komandaya ən çox oyunçu onlardan gəlir. Bundan sonrakı günlər, həftələr ərzində digər klublarla da görüşəcəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest