"İlk iki oyunda gördük ki, rəqiblər bizə qarşı çox yaxşı hazırlaşıb. Qrupda bundan sonra keçirəcəyimiz görüşlərdə də fərqli münasibət olmayacaq". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının kapitanı Luka Modriç deyib.
AVRO-2020-nin seçmə qrup mərhələsində 2 oyunda 3 xal toplayan "damalılar" ilk turda evdə Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etsələr də, Budapeştdə Macarıstana eyni hesabla yeniliblər.
Yerli mətbuata açıqlamasında komandasının çıxışını dəyərləndirən Modriç zəif oyun ortaya qoyduqlarını etiraf edib: "Nə Azərbaycan, nə də Macarıstana qarşı öz səviyyəmizə uyğun oynadıq. Nəticədə Budapeştdə şok məğlubiyyətlə üzləşdik. Biz böyük keyfiyyətə və yüksək potensiala malik komandayıq. Ancaq bu cür yox, daha yaxşı oynamalıyıq. Təəssüf ki, ilk iki oyunda səviyyəmizi ortaya qoya bilmədik. Belə çıxışla da məğlubiyyət qaçılmaz olur. Rusiyadakı dünya çempionatını unutmaq, qarşımızdakı turnirə köklənməliyik. Əlbəttə ki, düşdüyümüz bu durumu öz aramızda müzakirə edəcəyik".
Qeyd edək ki, E qrupunda hələlik yalnız millimizin aktivində xal yoxdu. Slovakiya, Macarıstan və Xorvatiya iki oyunda, Uels isə bir matçda 3 xal toplayıb.