AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya yığması baş məşqçisini dəyişə bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, hazırkı çalışdırıcı Zlatko Daliç komandadan ayrılmaq fikrinə düşüb.

"Zolaqlılar"ı dünya çempionatında finala çıxaran təcrübəli mütəxəssis çalışmaq arzusunda olduğu komandaların adlarını açıqlayıb. O, yaxın gələcəkdə Braziliya yığmasında işləyə biləcəyini istisna etməyib: "Doğru zamanda Xorvatiya yığmasının "sükanı arxası"nda oldum, komanda ilə dünya çempionatında final həyəcanı yaşadım. Ancaq başqa arzularım da var. Məsələn, yaxın gələcəkdə Braziliya yığmasında işləyə bilərəm. Ancaq hazırda sevimli ölkəmdə sevimli işimi görürəm".

Daliç eyni zamanda ən böyük arzularından birinin "Barselona"ya rəhbərlik etmək olduğunu da vurğulayıb. Xorvatiya mətbuatı isə onun Avropa çempionatının seçmə mərhələsi başa çatmamış yığmadan ayrıla biləcəyini iddia edib. Millimiz üzərində çətin qələbədən sonra Macarıstana məğlub olan xorvatlar uğursuz çıxışı davam etdirəcəyi təqdirdə, 53 yaşlı mütəxəssis istefa verəcək.

Xorvatiya yığması qarşıdakı iki turda Uels və Slovakiya ilə görüşəcək. Həmin oyunlardakı uğursuz çıxış Daliçin istefasına səbəb ola bilər. Bu baş verərsə, xorvatlar sentyabrın 9-da Azərbaycan millisi ilə səfər matçına yeni çalışdırıcı ilə gələ bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest