13 İyul 2024, 01:44
FUTBOL
“Latsio”nun hücumçusu Çiro İmmobile “Beşiktaş”a keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə klubunun rəsmi saytı paylaşıb.
17 nömrəli formanı geyinəcək futbolçu ilə bağlanan müqavilənin təfərrüatları açıqlanmayıb. Ancaq “Beşiktaş” İmmobile üçün “Latsio”ya 3 milyon avro ödəyəcəyi və ulduz futbolçunun İstanbul klubunda illik 6 milyon avro qazanacağı bildirilib.
Qeyd edək ki, italiyalı forvard son 8 mövsümü Roma klubunda keçirib. O, “Latsio”nun heyətində 340 oyun keçirib, 207 qol vurub və 54 məhsuldar ötürmə edib. 34 yaşlı İmmobile İtaliya millisində isə 57 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.