Bu gün Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarına yekun vurulur.
Matc.az xəbər verir ki, Azərbayca millisi Fransa paytaxtına ümumilikdə 48 idmançı ilə yollanıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunub.
Yığmamıza əsas uğuru cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) gətirib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançılarımız, Parisdə iki dəfə Azərbaycan bayrağını ucaldaraq, himnimizi səsləndiriblər.
Taekvondoda Qaşım Maqomedov (58 kq), boksda isə Alfonso Dominges (92 kq) yalnız finalda rəqiblərinə məğlub olaraq ölkəmizə iki gümüş medal qazandırıblar.
Bürünc medalları yığmamızın aktivinə güləşçilərimiz yazdırıb. Yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq), sərbəst güləşdə isə Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) Olimpiya üçüncüləri olublar.
Bununla da, Azərbaycan yığması yekun nəticədə 7 medal (2 qızl, 2 gümüş və 3 bürünc) qazanaraq, ümumi sırlamada Olimpiadanı 30-cu sırada başa vurub.
Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.