çempionatın geridə qalan VIII turu bir çox məqamlarla yaddaqalan oldu. Kimisi ilk məğlubiyyətini aldı, kimisi ilk qələbəsini qazandı, kimisi yenə texniki qalibiyyətə sevindi, kimisi də plan doldururmuş kimi, növbəti dəfə oyunu azlıqda bitirdi.

Turnir cədvəlini tərs çevirdikdə turun "mərkəzi matçı"nın "Keşlə" – "Zirə" görüşü olduğunu deyərik. Gərginlik baxımından, bəlkə də, elə ən maraqlı qarşılaşma bu idi. çünki meydanda məhəllə futboluna xas özəlliklər, hesab-kitabsız mübarizə var idi: futbolçuların taktika falan vecə almadan necə gəldi oynamaları, bir-birilərinin üstünə məktəbli uşaqlar kimi qışqırmaları, kənardan "pasyolka"dakı dayıların hərəsinin bir göstəriş verməsi...

Bütün bunlar bir tərəfə, mənim "Zirə"nin baş məşqçisi Samir Abasova yazığım gəldi. "Sumqayıt"da gördüyü əlahiddə işiylə hər kəsin rəğbətini qazanan çalışdırıcının "Zirə"də də vəzifəsi sıfırdan kollektiv, həvəskar oyunçulardan peşəkar komanda qurmaqdı. Onun 90 dəqiqə ərzində çəkdiyi iztiraba, əzab-əziyyətə qatlaşmaq heç də asan deyil. Təsəvvür edin, başdan sona qədər bütün futbolçulara meydanda nə etməli olduqlarını qışqıra-qışqıra çatdırırdı: Budaq topu ayağında çox saxlama, Vüsal içəri gir, Tellur önün boşdu, qaç, Bilal hücuma yaxın oyna və s. Bu da 1-ci sinifdə kitabdan oxuduğumuz "Tutu, topu tut!" misrasına bənzəyir. Sizcə, peşəkar futbolçuya baş məşqçinin dayanmadan qışqıraraq göstəriş verməsinə ehtiyac varmı?

Buna görə Abasovu qətiyyən qınamıram. Hətta onu gənc məşqçilər arasında ən yaxşı hesab edirəm. İkinci hissədə hər əvəzləmədə taktikanı dəyişirdi ki, komandası məğlubiyyətdən qaça bilsin. Daha başqaları kimi, hücumçunu hücumçu ilə, sağdakı oyunçunu eyni mövqe futbolçusu ilə əvəzləyib əzbərə iş görmürdü. Amma onu da gözəl bilirdi ki, bu futbolçuları oyun ərzində yönləndirməsə, komanda meydanda nə edəcəyini bilməz. Düşünün, "Zirə"nin oyunçusu vaxt uzatmağın zamanını belə bilmir. Yerdə qıvrılır, yalnız Samir Abasovun "qalx ayağa" qışqırmasından sonra durub heç nə olmamış kimi yerinə keçir. Axı komanda məğlub durumdadı, vaxt aparmaq məqamı deyil.

Bir baş məşqçinin tez-tez başını tutması, diz üstə oturması ürəyindən "mən hara gəlib düşmüşəm?" deməsi ilə eynidi. Abasov dünən futbolçularından çox əziyyət çəkdi. Hətta arada taym-aut götürür, yerini 25-30 saniyəlik köməkçisi Seymur Rəhimova verirdi. Ancaq onun qışqıraraq əl-qol hərəkətləri nə dediyini başa düşmək mümkün deyildi.

Kimlərsə düşünə bilər ki, sonuncu yerdə gedən komandada işləyən nə məşqçidi? Amma həqiqət budu ki, Abasovun bacarığı ilə "Zirə" futbolçularının səviyyələri bir-birinə tam ziddi. İndi "Zirə" rəhbərliyi hansı haqla baş məşqçini günahkar çıxara, ondan uğurlu nəticə tələb edə bilər? Məhəllə futbolu oynayanları yığıb Qvardiolanı da gətirsən, qışqırmaqdan onun da boğazı cırılacaq və komandası sonuncu yerdə gedəcək. Bu üzdən də ilk növbədə rəhbərlik özü, sonra futbolçular peşəkarlaşmalıdı ki, tələb etməyə bir əsasları olsun.

Ruslan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest