"Hazırda heç bir dəyişiklik edə bilmirik. Əlimizdə nə heyət varsa, onunla davam etməliyik".

"Oyuna çox ciddi hazırlaşmışdıq. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bərpa məşqləri ilə bərabər, taktiki məşqlər etdik. Onlar da azdır. Ən azından rəqibi təhlil etmişdik. Bilirdik ki, necə oynayacaqlar. Futbolçulara bu haqda məlumat vermişdik. İstəyirdik ki, uduzmayaq. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma heç ruhdan düşmürəm. Əminəm və inanıram ki, komandamız daha da yaxşı oynayacaq. Qarşıda daha 2 oyunumuz var və ondan sonra fasilə olacaq. Hər iki görüşə də maksimum hazırlaşacağıq. Əminəm ki, daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız iş və məşqlə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq".

Matc.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 14-cü turunun "Şamaxı" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Hər məğlubiyyətdən sonra baş məşqçiləri dəyişmək taktikası nə dərəcədə doğrudur? 
Bu haqda çox şey deyə bilmərəm. Əlbəttə ki, klub rəhbərlərinin qərarıdır. Məşqçi olaraq, özümə və komandama inanıram. İnanıram ki, qarşıdakı oyunlarda daha uğurlu olacağıq.

- "Karvan-Yevlax" "Qarabağ"a evdə də 0:2 uduzmuşdu, səfərdə də 0:2 uduzdu. "Şamaxı" ilə görüşlərdə də eyni hesablar oldu. "Karvan-Yevlax"ın oyununda inkişaf hiss edirsiz?
- Bir məşqçi üçün hazırlıq zamanına vaxt olanda, o məşqçi daha yaxşı hazırlaşır. "Qarabağ"la oyuna yaxşı hazırlaşa bilməmişdik. Zamanımız olmadı. Kubok matçımız var idi. İndiki oyun üçün də futbolçuya heç bir yükləmə verə bilmirsən. Futbolçuların fiziki durumunda çatışmazlıqlar var. Çalışacağıq ki, onu aradan qaldıraq.

- Bu heyət "Qəbələ" və "Kəpəz"i üstələyə bilər?
Futbolçularıma çox inanıram. Məşqlərdə çox istəklidirlər. Uduzmuşuq, onlar çox üzülüblər. Yalnız işləmək və məşq etməklə öhdəsindən gəlmək olar.

- Matç bitəndən sonra yerli azarkeşlər futbolçularınızı fitə basdılar, siz isə onlara "səbirli olun, düzələcək" dediniz. Nəyə ümid edirsiz?
Azarkeşlər haqlıdırlar, bizdən qələbə gözləyirlər. Hamısını yaxşı başa düşürəm. Onların dəstəyi çox önəmlidir. Əminəm ki, bu işin öhdəsindən gələcəyik, onları sevindirəcəyik. İstəməzdik ki, evdə bu hesabla uduzaq. Azarkeşlər qələbə gözləyir. Çox istəyirdik ki, qalib gələrək onları sevindirək.

- "Mingəçevir"də işlədiyiniz zaman komandanın 70 faizini dəyişdiniz və az da olsa, uğur əldə etdiniz. "Karvan-Yevlax" sizə o şəraiti yaradacaq?
Hazırda heç bir dəyişiklik edə bilmirik. Əlimizdə nə heyət varsa, onunla davam etməliyik. Taktiki və fiziki baxımdan yüksəliş olmalıdır. O ki qaldı, qışdan sonraya, əlbəttə güclənməliyik. Rəhbərliklə danışacağıq.

- Hazırda komandanın baş məşqçisi rəsmi olaraq Azər Haşımovdur. Komandanın baş məşqçisi ola-ola bu posta gəlməyiniz haqda fikriniz necədir?
- Daha çox konsentrasiya olmuşam oyunlara. Əminəm ki, tezliklə hər şey yoluna düşəcək.

- Əsas rəqiblərinizdən biri "Kəpəz"dir. Yevlax stadionu isə onlara da icarəyə verilib. Sizcə, bu etik cəhətdən doğrudur? Bu barədə rəhbərliklə danışıb, etiraz etdiniz?
Bu mənə qədər verilmiş qərardır. Nəsə deyə bilmirəm. Ola bilsin ki, yanvarda rəhbərliklə bu haqda danışaq.

- Sizə elə gəlmir ki, futbolçularınızın texniki imkanları çox aşağıdır? Bir neçəsini çıxmaq şərtilə, digərlərinin Premyer Liqada oynamaq səviyyəsində deyil...
Xeyr. Ola bilər ki, siz belə görürsüz. Rəqibin də təzyiqi buna çox təsir edir. İnanın ki, futbolçularda özünəinam artsa, ötürmələr, açılmalar daha yaxşı səviyyədə olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest