Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günü Azərbaycan cüdoçuları üçün uğurla başa çatıb.

Matc.az xəbər verir ki, ikinci yarış günündə cüdoçularımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

İki günün nəticəsinə görə Azərbaycan cüdoçuları ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edərək komanda hesabında ikinci pilləyə yüksəliblər.

-73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev finalda dünya ikincisi Tatsuki İşihara ilə qarşılaşmalı idi. Lakin zədə səbəbindən tatamiyə çıxmadığı üçün yarışın gümüş medalçısı olub. Bu çəkidə Vüsal Qələndərzadə bürünc medal uğrunda gənclər arasında dünya çempionu Ryuqa Tanaka ilə qarşılaşıb və yuko xalı ilə qələbə qazanaraq karyerasında ilk dəfə Böyük Dəbilqə turnirində medal əldə edib.

-81 kq çəki dərəcəsində Zelim Tçkayev qızıl medal uğrunda Kanadanın təmsilçisi Fransua Qotye Drapö ilə tatamiyə çıxıb. O, yuko xalı ilə qalib gələrək Böyük Dəbilqələrdə dördüncü, Bakıda isə üçüncü dəfə qızıl medal qazanıb. Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə yarışın 5-ci pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest